Pezeşkian dönəmində İranın siyasətində fərqliliklər olacaq?

DÜNYA
10:33 / 19.07.2024
362

"İranın ali dini lideri ölkənin daxili və xarici siyasətini müəyyən edir. Buna görə də İranın yeni Prezidenti Məsud Pezeşkianın səlahiyyətləri məhduddur".

Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində Tehran hakimiyyəti Məsud Pezeşkianın prezident seçilməsinə imkan yaratdı:

"Həm Güney Azərbaycan milli hərəkatına yönəlik, həm də daxildə və xaricdə yumşaq bir üz göstərmək üçün onun prezidentliyə namizəd olmasına və seçilməsinə icazə verildi. Əslində Tehran rejimi müəyyən mənada Məsud Pezeşkianın nüfuzundan istifadə edir". 

354462

Həmsöhbətimiz qeyd edib ki, Pezeşkian Tehran rejiminə lazım idi:

"Həm Azərbaycanın bölgədəki yüksəlişi, həm də Güney Azərbaycan milli hərəkatının tələblərini və etirazlarını nəzərə almaq lazımdır. Üstəlik, son dönəmlərdə İranda ciddi etiraz aksiyaları da yaşanırdı. Tehran rejimi təzyiqlərə və xalqın demokratik istəklərinə göz yummağa davam edirdi. 

Əksinə, xalqa edilən təzyiqlər artırıldı, həbslər və edam hökmləri də daxil olmaqla sərt cəzalar verilirdi. Eyni zamanda, ölkənin xarici siyasəti də iflasa uğramışdı. Bütün bunların fonunda Tehran hakimiyyəti Pezeşkian kimi yaxşı nüfuzu olan namizədə ehtiyacı olduğunu anladı". 

Məhsa Mehdili hesab edir ki, molla rejimi daha öncə Azərbaycan türkü olduğunu açıq şəkildə dilə gətirən və bunu rejim daxilində nisbətən müdafiə etmiş birindən "kart" kimi istifadə etmək istəyir:

"Amma Məsud Pezeşkianın nə qədər müstəqil siyasət aparmasına icazə veriləcəyi isə həqiqətən müəmmadır. Hesab edirəm ki, Tehran dövlətinin çıxarları nədirsə, Pezeşkian da o istiqamətdə hərəkət edəcək. Bu səbəbdən İran kimi siyasi sistemi olan ölkədə ondan gözləntiləri çox yüksəltmək doğru deyil. 

Çünki Pezeşkianın çox səlahiyyəti yoxdur. Yəni o, istəsə belə bir çox addımı ata bilməz. Hərçənd ki, rejimin öz seçdiyi adamın özünün fərqli bir addım atmaq istəyəcəyi də şübhəlidir. Ona görə də Pezeşkianın İranın maraqlarını qorumağa çalışacağını düşünürəm". 

Pərviz

0