Donald Trampın rəqibi Mişel Obama olacaq? - AÇIQLAMA

DÜNYA
11:10 / 24.07.2024
353

"Co Baydenin son anda ABŞ prezidentliyinə namizədliyini geri çəkməsi gözlənilən idi".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Baydenin üzərində namizədliyini geri götürməsi üçün çox böyük təzyiqlər var idi:

"Hətta bəzi analtiklər düşünürlər ki, Co Baydenlə Donald Tramp arasındakı debat onun nə qədər zəif olduğunu, habelə fiziki, mental, sağlamlıq və əqli vəziyyətinin yerində olmadığını göstərmək baxımından əhəmiyyət daşıyırdı. Çünki prezidentliyə namizədlər arasındakı debatlar adətən seçkiyə qısa müddət qalmış keçirilir. Amma bu dəfə aylar öncəsindən keçirilməsi diqqət çəkdi. Faktiki olaraq debatın vaxtını önə çəkməklə Baydenin Tramp qarşısında qalib gələ bilməyəcəyini cəmiyyətə nümayiş etdirdilər".

354722

Ekspert qeyd edib ki, bununla da yeni namizəd müəyyən etmək üçün kifayət qədər vaxt qazandılar:

"Əgər həmin debat seçkiyə yaxın bir tarixdə keçirilsəydi, yeni namizədi təqdim etmək üçün kifayət qədər vaxt olmayacaqdı. Ona görə də debatın önə çəkildiyi iddia olunur".

Politoloq Demokratlar Partiyasının kimin namizədliyini elan edə biləcəyi barədə də danışıb:

"Hazırda namizədlik üçün əsas ön plana çıxan şəxs Kamala Harrisdir. Çünki o, vitse-prezidentdir. Co Bayden də onun namizədliyini irəli sürdü. Digər tərəfdən Hillari Klintonun adı çox səslənir. O, özü də yenidən siyasətə qayıtmaq istəyir. Üstəlik, Klinton ailəsi Demokratlar Partiyası içərisində kifayət qədər güclü kökləri olan ailələrdəndir".

Turab Rzayev diqqətə çatdırıb ki, Mişel Obamanın da prezidentliyə namizəd ola biləcəyi iddia olunur:

"Nəzərə almaq lazımdır ki, keçmiş prezident Barak Obama Demokratlar Partiyasında kifayət qədər böyük nüfuza sahibdir. Hətta Bayden adminstrasiyasının böyük əksəriyyəti Obama komandasından qalanlardır. Hətta Bayden onları daha yüksək vəzifələrə təyin edib. Əslində Mişel Obama prezidentliyə namizəd olsa, Barak Obama və komandasının dəstəyini qazana bilər. Lakin Mişel Obama hələ ki, prezidentliyə namizəd olmayacağını açıqlayır. Lakin gələcəkdə nə olacağını zaman göstərəcək". 

Onun sözlərinə görə, sürpriz namizəd də irəli sürülə bilər:

"Demokratlar Partiyası Donald Trampa qarşı güclü namizəd çıxarmaq istəyirsə, adı çox bilinməyən, cəmiyyətin gözündən düşməmiş, orta yaşlı, öz natiqlik qabiliyyəti və siyasi baxışları ilə fərqlənən birini seçməlidir. Hansı ki, Demokratlar Partiyasında senatorlar və konqresmenlər arasında kifayət qədər belə şəxs var. Düşünürəm ki, onlardan hər hansısa birinin namizədliyini irəli sürə bilərlər".

Pərviz

0