"Bu il ərzində Rusiya ilə Ukrayna arasında çərçivə sazişinin imzalanması gözlənilmir".
Bunu "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib, hazırkı vəziyyətdə bunu proqnozlaşdırmaq mümkün deyil:
"Düzdür, son zamanlarda hər iki tərəf, xüsusilə də rəsmi Moskva danışıqlara hazır olduğunu deyir. Amma tərəflərin heç biri bu istiqamətdə əməli addım atmır. Hazırkı situasiyada tərəflərin konsensusa gəlməsi real görünmür. Düşünürəm ki, bunun üçün vasitəçiyə ehtiyac var".
Ekspert qeyd edib ki, ən real vasitəçi Türkiyədir:
"Türkiyə müharibənin başında təkbaşına uğurlu vasitəçi ola bilərdi. Hətta rəsmi Ankara o zaman əlindən gələni etdi və müəyyən nəticə əldə olundu. Amma artıq Türkiyə də bunu təkbaşına edə bilməz. Rəsmi Ankara hazırda Rusiya ilə Ukrayna arasında sülh barədə düşünürsə, təkcə onlarla deyil, həm də ABŞ başda olmaqla Qərblə danışıqlar aparmalıdır. Qərbi razı saldıqdan sonra Zelenski və Putinlə müzakirələr aparıla bilər".
Həmsöhbətimiz onu da əlavə edib ki, Ukraynada başlayan qlobal miqyaslı kataklizmlər getdikdə daha da böyüyür və genişlənir:
"Bu gün müasir dünyada baş verən geosiyasi kataklizmlər fonunda Üçüncü Dünya müharibəsinin başlaya biləcəyi deyilir. Hesab edirəm ki, bu proseslərin başlanğıcı isə məhz Ukrayna oldu. Ukraynadan sonra dünyanın müxtəlif regionlarında yeni böhranlar başladı.
Bütün bunların fonunda isə cari ildə Rusiya ilə Ukrayna arasında hansısa çərçivə sazişinin imzalanacağını düşünmürəm. Çünki proseslər Üçüncü Dünya müharibəsi və NATO-Rusiya toqquşmasına doğru gedir. Belə olanda halda isə proseslərin əvvələ qayıtması inandırıcı görünmür".
Pərviz