Avropa İttifaqı ölkələri Rusiya Federasiyasından neft tədarükünün bərpası məsələsində Macarıstan və Slovakiyanı dəstəkləməyib.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Avropa İttifaqının ticarət komissarı Valdis Dombrovskis Brüsselin sübut toplamaq və hüquqi vəziyyəti qiymətləndirmək üçün daha çox vaxta ehtiyac duyacağını bildirib.
"Üzv dövlətlərin ticarət nümayəndələrinin dünənki görüşündə Avropa İttifaqının 11 ölkəsi Dombrovskisin təklifini dəstəkləyib, onların heç biri Budapeşt və Bratislavanın tərəfini tutmayıb", deyə nəşr yazıb.
Bundan əvvəl Slovakiyanın xarici işlər naziri Yuraj Blanar Avropa Komissiyasını Rusiya neftinin Ukrayna ərazisindən tranziti məsələsini tez bir zamanda həll etməyə çağırıb. Slovakiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa Komissiyası çərşənbə günü bu məsələnin müzakirəsini başqa tarixə təxirə salmaq qərarına gəlib.
Slovakiya prezidenti Peter Pelleqrini Ukraynanın Rusiyanın "Lukoyl" şirkətindən ötürülən neftin "Drujba" kəməri ilə nəqlinə qoyulan qadağanı tənqid edib və cavab tədbirləri görəcəyi ilə hədələyib. O xatırladıb ki, Slovakiya Ukraynaya qazın dəyişdirilməsi, eləcə də elektrik enerjisi təchizatında kömək edir.
"Vəziyyət düzəlməzsə, biz reaksiya verməyə məcbur olacağıq" deyən prezident əlavə edib ki, Kiyevin belə yanaşması Slovakiyaya haqsızlıqdır", deyə prezident bildirib.
Öz növbəsində Slovakiyanın müdafiə naziri Robert Kaliniak qeyd edib ki, Kiyev Rusiya neftinin tranzitini dayandırmaqla çox risk altındadır.
Qeyd edək ki, Macarıstan və Slovakiya Rusiyanın "Lukoyl" neftinin Ukrayna ərazisindən tranzitinin dayandırılmasını müzakirə etmək üçün Avropa Komissiyasında ticarət siyasəti komitəsinin çağırılması təşəbbüsü ilə çıxış ediblər. İki gün əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto "Lukoyl" neftinin tranziti ilə bağlı problem həll olunana qədər Ukraynaya silah tədarükünü kompensasiya etmək üçün Avropa Sülh Fondundan 6,5 milyard avroluq ödənişlərin qarşısını alacağını bildirib.
Samir