Tramp seçilsə, Ukrayna üçün 500 milyard dollar Lend-Liz təsdiq edə bilər

11:46 / 26.07.2024
220

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya silah tədarükünü artırmaq üçün 500 milyard dollarlıq Lend-Liz proqramı hazırlaya bilər. 

HİT.az xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi, MKİ-nin keçmiş direktoru Mayk Pompeo The Wall Street Journal-a deyib.

Pompeo hesab edir ki, bu proqram Ukraynaya Amerika silahlarını almaq üçün lazım olan qədər borc almağa imkan verəcək. O, həmçinin qeyd edib ki, Trampın Ukrayna ilə bağlı sülh planı Kiyevin əldə edə və istifadə edə biləcəyi silah növlərinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa kömək edəcək. 

Pompeonun fikrincə, bu, ABŞ müdafiə sənayesinin güclənməsinə gətirib çıxaracaq.

"Bu və digər mümkün addımlar Trampa müqavilənin şərtlərini təyin etməyə imkan verəcək: müharibə dərhal başa çatacaq", deyə məqalədə qeyd edilir.

Qeyd edək ki, 11 mart 1941-ci il tarixdə ABŞ prezidenti Franklin Delano Ruzvelt Konqres tərəfindən qəbul edilmiş "Birləşmiş Ştatların müdafiəsinin təmin olunması haqqında” Qanununu (Land Lease Act) imzalayıb. Bu qanun prezidentə "müdafiəsini ABŞ üçün əhəmiyyətli" saydığı istənilən ölkəyə yardım etmək hüququ verirdi. Yardıma hərbi texnika, silah və sursat, ərzaq, strateji xammal, tibbi ləvazimatlar və dərmanlar daxil idi. Həmin ilin martın 27-də Lend-Liz proqramı üçün 7 milyard dollar həcmində ilk vəsait ayrılıb. Lend-Lizin aid edildiyi ilk ölkələr Böyük Britaniya və Çin olub. 1941-ci il oktyabrın 1-də Moskvada SSRİ, ABŞ və Böyük Britaniya arasında imzalanan müqavilə ilə Lend-Liz şərtləri SSRİ-yə də şamil edilib.

Samir
 

0