"Donald Tramp Co Baydenlə müqayisədə daha xarizmatik bir liderdir".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Tramp həm də şoumen xüsusiyyətlərinə malikdir:
"Amerika cəmiyyətində də seçki prosesində şou xarakterli çıxışlar edən, pafoslu nitqlər söyləyən namizədləri hər zaman sevirlər. Trampın da nüfuzunu artıran əsas məqam məhz budur".
Ekspert bir neçə ay bundan əvvəl ABŞ-də baş verən etiraz aksiyalarını xatırladıb:
"Bir neçə ay bundan əvvəl ABŞ-nin cənub ştatlarında etiraz aksiyaları başlamışdı. Hətta proseslər Texasda üsyan həddinə qədər gəlib çatmışdı. Bütün bu məsələlər isə Bayden adminstrasiyasına olan inamı azaltdı.
Həmçinin, Co Baydenin miqrant məsələsinə yanaşması, münaqişələri alovlandırma siyasəti aparması, Tramp dönəmində yaşanan ABŞ qoşunlarını fərqli regionlardan çıxarılma prosesini dayandırması kimi məsələlər ona olan inamı azaltmışdı".
Turan Rzayev qeyd edib ki, Tramp isə bundan kifayət qədər yaxşı istifadə etməyi bacardı:
"Amma Trampın reytinqinin kəskin artmasına və Baydenin namizədliyini geri götürməsinə səbəb olan əsas hadisə sui-qəsd cəhdi idi. Tramp bundan seçki prosesində məharətlə istifadə etdi".
Həmsöhbətimiz onu da əlavə edib ki, Tramp şoumen siyasətçi olaraq Baydendən üstündür:
"Bayden isə klassik ABŞ siyasətçisidir. O, Tramp kimi müxtəlif yollarla kütləni idarə edə bilmir. Ümumiyyətlə, Tramp Baydenə nəzərən daha yaxşı vəziyyətdədir. Ən azından nə etdiyini dərk edə bilən siyasətçidir.
Qarşıda bizi çox maraqlı bir seçki prosesi gözləyir. Trampın reytinqi hələ də çox yüksəkdir. Amma qarşıdakı aylarda çox hadisələr baş verə bilər".
Pərviz