ABŞ İranla nüvə sazişinə qayıtmağa hazır olduğunu açıqlayıb

16:50 / 26.07.2024
236

Amerika səlahiyyətliləri Ağ Evin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlara qayıtmağa hazır olması barədə Tehranı məlumatlandırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə “Əl-Cərida” qəzeti məlumat yayıb.

İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasındakı mənbə jurnalistlərə bildirib ki, iyulun 23-də Amerika tərəfi plana “kiçik düzəlişlər” şərti ilə bu məsələyə tez bir zamanda qayıtmaq üçün danışıqlara hazır olduğunu bəyan edib.

İyunun əvvəlində Rusiya, Çin və İran Qərb ölkələrini nüvə sazişini bərpa etməyə çağırıb. Bu barədə üç ölkənin birgə bəyanatında deyilir. Sənəddə vurğulanır ki, JCPOA-nın müddəaları hələ də qüvvədədir və nüvə sazişinin tam icrası İranın dinc nüvə proqramı ilə bağlı əksər sualları həll edə bilər və gərginliyi azaltmaq üçün bir vasitə rolunu oynayacaq.

Bundan əvvəl İranın BMT-dəki missiyası Tehran və Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) əvəzinə müvəqqəti razılaşmaya yaxınlaşması barədə mətbuatda yayılan xəbərləri təkzib edərək, belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında ABŞ prezident Donald Trampın rəhbərliyi altında JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Samir

0