Noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı sorğular aparılmağa davam edir.
Sonuncu sorğu zamanı vətəndaşların böyük əksəriyyəti Donald Trampın prezident seçiləcəyini düşünüblər. Ümumiyyətlə, Tramp anketlərin çoxunda qələbəyə yaxın tərəf kimi görünür. Xüsusilə, Demokratlar Partiyasının Kamala Harrisi namizəd göstərməsinin ardından onun şanslarının daha da artacağı ehtimal olunur. Analitiklər də ABŞ-nin yeni Prezidentinin Donald Tramp olacağını düşünürlər.
Qeyd edək ki, Tramp əvvəlki hakimiyyət illərində müharibələri bitirməyə yönəlik siyasət yürüdürdü. Üstəlik, onun İsraillə necə yaxın münasibətləri olduğu da hamıya məlumdur.
Belə olan halda sual yaranır, Trampın ABŞ Prezidenti seçilməsi İsrail-HƏMAS müharibəsinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Azərbaycan Yəhudiləri Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlama verib. O bildirib ki, bu, təkcə Donald Trampın qərarı olmayacaq:
"Əslində, Donald Trampın Prezidentliyi dövründə İsrail ilə münasibətlər çox yaxşı səviyyədə idi. Düşünürəm ki, İsrail Co Bayden höküməti ilə müqayisədə Trampla daha yaxşı dil tapacaq. Ancaq HƏMAS-la müharibənin dayanıb-dayanmayacağı sual altındadır.
Məncə, bu məsələ ABŞ-nin milli maraqlarından və Trampa təsir edəcək yəhudi lobbisindən asılı olacaq. Təbii ki, Donald Tramp prezidentlik dövründə İsrail və körfəz ölkələri arasında əlaqələrin inkişafında böyük rolu olmuşdu. Hər halda, Trampın daha öncəki dönəminə baxdığımız zaman müharibənin dayanma ehtimalı mövcuddur".
Pərviz