İsrail Xarici İşlər Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə potensial qoşun yeridilməsi ilə bağlı açıqlamalarından sonra NATO-nu Türkiyəni alyansdan çıxarmağa çağırıb.
HİT.az “Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikasını nəzərə alaraq, xarici işlər naziri İsrael Katz diplomatları Türkiyəni qınamağa çağıraraq və onun regional ittifaqdan çıxarılmasını tələb edərək, təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb", deyə nəşr İsrail Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazıb.
Bundan əvvəl Niderlanddakı parlament seçkilərində qalib gələn ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Girt Vilders Türkiyənin NATO-dan çıxarılmasını tələb edib. Vilders Ərdoğanı "islamofaşist" adlandırıb. O, Türkiyənin Şimali Atlantika Alyansından çıxarılmasını istəyib.
Qeyd edək ki, iyulun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı ilə əlaqədar Ankaranın İsrailə qoşun yeridə biləcəyini bildirib. O, həmçinin ABŞ və Qərb ölkələrini BMT Təhlükəsizlik Şurasının Fələstin anklavında atəşkəslə bağlı qətnaməsinin yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.
2023-cü ilin oktyabrında İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Türkiyə rəhbərliyi Fələstin qrupunun tərəfində olub və dəfələrlə İsrail rəhbərliyini Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib. Xüsusilə ötən ilin dekabrında Ərdoğan HƏMAS-ı heç vaxt terror təşkilatı kimi tanımayacağını bəyan etmişdi.
Türkiyə 1952-ci ildə NATO-ya üzv olub.
Samir