HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gecə yuxusunda ölüb və raket zərbəsi nəticəsində uçan divarların dağıntıları altında qalıb.
Qaynarinfo xəb ər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının İrandakı nümayəndəsi, hadisənin şahidi Xalid əl-Qəddumi "RİA Novosti"yə müsahibəsində danışıb.
O, Haniyə ilə eyni evdə, lakin iki mərtəbə aşağıda gecələyib.
"Təxminən 1:37-də binaya nəsə dəydi. Fikirləşdim ki, bəlkə zəlzələ olub, tufan qopub. Amma bunun qətl ola biləcəyi ağlıma gəlməzdi", deyə Əl-Qəddumi bildirib.
Onun sözlərinə görə, otaqdakı tualet dağılıb və tüstü görünüb. Əl-Qəddumi nə baş verdiyini soruşmaq üçün bayıra çıxanda Haniyənin ölüm xəbərini alıb. 25 dəqiqədən sonra ona HƏMAS liderinin otağına baş çəkməyə icazə verilib. Otaq dördüncü mərtəbədə olub, iki xarici divar dağılıb və içəri çöküb. Bütün otaq dağıntılarla dolu olub və Haniyənin cəsədi qismən onun altında qalıb. Qonşu otaqda mühafizəçi də ölüb.
Əl-Qəddumi bildirib ki, İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qətlin baş verdiyi günün axşamı Haniyə siyasətçi ilə nahar edib. O, ölümündən əvvəl son saatlarda HƏMAS nümayəndə heyətinin digər üzvləri ilə Livanın "Hizbullah" hərəkatının komandiri Fuad Şükrün ölümünü müzakirə edib. Raket binanın üzərinə düşən zaman Haniyə yatırmış.
İyulun 31-də səhər tezdən "Mehr" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən HƏMAS siyasi bürosunun rəhbərinin ölümü barədə məlumat yayıb. Həniyə Tehranda gecələdiyi evə birbaşa raketlə vurularaq öldürülüb. O, ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.
HƏMAS rəsmi açıqlamasında Haniyəni şəhid elan edib və baş verənlərə görə İsraili günahlandırıb. Bildirilib ki, Təl-Əviv rəsminin iqamətgahına raket zərbəsi endirib.