"Rusiyanın Ukraynadan çıxması kütləvi etirazlara səbəb ola bilər" - OLAY AÇIQLAMA

DÜNYA
14:32 / 08.08.2024
370

"İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın ərazilərinin böyük hissəsi darmadağın olub".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hazırda Ukraynada canlı qüvvə çatışmazlığı da var:

"Bundan başqa, hava hücumundan müdafiə sistemi və silah çatışmazlığının olduğunu da qeyd etmək lazımdır. Ümumiyyətlə, Ukrayna çox ciddi problemlərə üz-üzədir. Qərbdə olan mütəffiqləri də əvvəlkindən fərqli olaraq çox ləng formada bu ölkəyə maddi, humanitar, silah və digər yardımlar edirlər".

355608

Ekspert diqqətə çatdırıb ki, Rusiya üçün də geridə qalan 2,5 illik müddət böyük itkilərlə keçib:

"Hər nə qədər hücum edən tərəf Rusiya olsa və döyüşlər Ukrayna ərazisində baş versə də, onların da çox sayda canlı, texnika və silah itkisi var. Yəni müharibəni çox acı fəsadları ilə onlar da qarşı-qarşıya qalıblar. Üstəlik, Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyalar tətbiq olunub. Bu sanksiyalar isə Rusiya iqtisadiyyatına çox böyük zərbələr vurub".

Lakin mütəxəssis hesab edir ki, bütün bunların fonunda hər iki tərəf müharibənin davam etdirilməsində israr edir:

"Çünki kənarda olan bəzi qüvvələr hələ ki, rəsmi Kiyevin masaya oturmasına razılıq verməyiblər. Həmçinin, bu məsələdə ona yardım göstərən mütəffiqləri olmasına baxmayaraq, Kreml də geri addım atmaq istəmir. Bu qədər itkinin və canlı qüvvənin səfərbər olunmasından sonra geriyə addım atılması və işğal etdikləri əraziləri tərk etmələri Rusiyanın daxilində insanların kütləvi etirazlarına səbəb ola bilər. Rəsmi Moskva da bunu çox gözəl anlayır. 

Yəni bu məsələdə heç bir tərəf geriyə addım atmaq istəmir. Hərçənd ki, bu müharibə təkcə Rusiya və Ukraynaya deyil, həm də Avropaya ciddi fəsadlar vurur". 

Pərviz

0