Rusiya Abxaziyada hərbi-dəniz bazası tikir?

DÜNYA
21:00 / 08.08.2024
231

Rusiya Abxaziya ərazisində öz donanması üçün baza yaratmaq niyyətində deyil. 

HİT.az xəbər verir ki, bu barədə tanınmamış Abxaziyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Şamba "RİA Novosti" ilə söhbətində bildirib.

"Oçamçira limanına gəlincə, biz orada hərbi-dəniz bazasının açılmasından danışmırıq", deyə o vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya Federasiyası və Abxaziya təhlükəsizlik sahəsində güclü ikitərəfli əməkdaşlıq əlaqələri qurub. Şamba qeyd edib ki, Rusiyanın 7-ci hərbi bazası Abxaziyada yerləşir. Bundan əlavə, Rusiya sərhədçiləri dövlətin təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır.

Oktyabr ayında Abxaziya prezidenti Aslan Bjaniya bölgədə Rusiya hərbi-dəniz bazasını yerləşdirməyi planlaşdırdığını açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyi buna cavab olaraq Moskvanı 2008-ci il atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Tiflis Rusiya bazasının Abxaziya ərazisində yerləşdirilməsi ilə bağlı razılaşmanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması adlandırıb. 

Avqustun 8-i 2008-ci ildə Tiflisdən Cənubi Osetiyanın paytaxtı Sxinvalinin kütləvi atəşə tutulması nəticəsində başlayan Rusiya-Gürcüstan münaqişəsinin başlanmasının ildönümüdür. Döyüşlər cəmi beş gün davam edib, onun nəticəsi Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi, eləcə də Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması olub.

Samir
 

0