"Rusiya-Ukrayna müharibəsində yeni proseslərin meyadana gəlməsi və Ukraynanın Kursk şəhərinə hücum etməsi Belarus dövlətini də təşvişə salıb".
Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.
O xatırladıb ki, Belarus şənbə günü Ukrayna ilə sərhədini möhkəmləndirmək üçün əlavə qoşun göndərərək, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın Kursk bölgəsinə hərbi müdaxiləsi zamanı onun hava məkanını pozduğunu bildirib:
"Düşünürəm ki, hal-hazırda Belarus ərazisinə müharibənin keçməsi prosesi real görünmür. Buna baxmayaraq, zaman-zaman hava məkanının pozulması baş verə bilər. Çünki müharibənin getdiyi areal Belarus sərhədinə yaxındır. Üstəlik, 2022-ci ildən bu yana Rusiya Belarus ərazisindən öz məqsədləri üçün istifadə edir. Belarusun müharibəyə qoşulması isə əslində Ukraynanın işini çətinləşdirə bilər. Buna görə də Ukrayna bu amilləri nəzərdən keçirib".
Onun sözlərinə görə, Kurska edilən hücumun psixoloji tərəfi də var:
"Bu, Ukrayna cəmiyyətində ruh yüksəkliyinə səbəb olub. Əsas məsələ isə Ukraynanın Rusiyanın bu ərazilərində möhkəmlənə bilməsidir. Təbii ki, Ukraynanın bu ərazilərdə möhkəmlənməsi və yeni həmlələr etməsi üçün böyük resursa ehtiyacı var. Aleksandr Lukaşenko ehtiyatlı davranaraq, Rusiyaya dəstəyini Belarus daxilində sabitliyin pozulmasına və ya daha güclü beynəlxalq reaksiyaya səbəb ola biləcək birbaşa iştirakdan qaçmaq istəyi ilə balanslaşdırır".
Pərviz