Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı yeni cinayət işi başlanıb.
HİT.az bu barədə Baş Prokurorluğuna istinadən xəbər verir.
Baş Prokurorluğun İqtisadi Fəaliyyətə Qarşı Cinayətlər üzrə İdarəsinin rəisi Samvel Akopyan deyib: "Mikael Minasyan xüsusilə böyük miqyasda dələduzluq, rəqabətə zidd fəaliyyətlər, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması üçün kriminal birlik yaradıb və ona rəhbərlik edib".
Onun sözlərinə görə, bütün bu hərəkətlər nəticəsində dövlətə 350 milyon dollara yaxın ziyan dəyib.
İstintaq Minasyanı vəzifə mövqeyindən istifadə edərək Ermənistanda və xaricdə şirkətlərdə pay əldə etməkdə, bir sıra media və televiziya şirkətlərinə nəzarət yaratmaqda, qeyri-qanuni mənşəli maliyyə aktivlərini dövriyyədə saxlamaqda, vergidən yayınmanın təşkilində, sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda, vəzifəli şəxslərə rüşvət verməkdə ittiham edir.
Adları çəkilən epizodlar arasında Ermənistan Dövlət Radiosunun əmlakının mənimsənilməsi, Zəngəzur Mis-Molibden Kombinatının vəsaitlərinin mənimsənilməsi, "Spayka" şirkətinin səhmlərinin qeyri-qanuni alınması, digər sahibkarlar tərəfindən biznesə mane olması və s. yer alır.
Yeni iş çərçivəsində Minasyan 76 epizodda iştirak edir. Ümumilikdə işdə 13 nəfər var, onlardan üçü həbs edilib. İttiham olunanlar arasında "İrəvan Mall"ın baş direktoru Vazrik Sekoyan və "DoubleTree by Hilton"un sahibi Tiqran Eqoyan da var.
Samir