"Gürcüstan prezidenti Salome Zurabişvili xalqın qəzəbindən qorxmalıdır. O, davamlı olaraq edilən xəyanətə görə cavab verməlidir".
HİT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Konstitusiyaya görə dövlət mükafatları verən Gürcüstan prezidenti avqustun 15-də bildirib ki, olimpiyaçılar təcili təltif edilməməlidir, çünki Paralimpiya oyunları hələ baş tutmayıb və olimpiyaçılarla paralimpiyaçıların uğurlarının ayrı-ayrılıqda qeyd olunması yolverilməzdir. O, həmçinin bildirib ki, idmançıların uğurlarını qeyd etmək qapalı məkanda deyil, açıq olmalıdır.
"Məncə, Salome Zurabişvili xalqdan qorxmalıdır. O, uzun müddət prezident olmayacaq", deyə Kobaxidze qeyd edib.
Gürcüstanın baş naziri bildirib ki, Zurabişvili daim etdiyi xəyanətə görə cavab verməlidir. Onun sözlərinə görə, milli olimpiya komandasının üzvləri üçün hökumət tərəfindən təşkil edilən bayram qəbulu ictimai məkanda baş verə biləcək digər hadisələri də istisna etməyib.
Hökumət avqustun 15-də Tbilisi vaxtı ilə saat 20:00-da Tbilisidəki Dövlət Mərasimlər Sarayında (keçmiş Prezident Sarayı) olimpiyaçılar üçün ziyafət təşkil edib. Bu dəbdəbəli bina Mixail Saakaşvilinin prezidentliyi dövründə tikilib.
Gürcüstan idmançıları Paris Olimpiadasında üç qızıl, üç gümüş və bir bürünc medal qazanaraq komanda yarışında 24-cü yeri tutub ki, bu da ölkə tarixində ən yaxşı nəticədir.
Baş nazirin sözlərinə görə, medal almayan, lakin ümumi uğura töhfə verən Gürcüstan olimpiya komandasının hər bir üzvü 50 min lari (təxminən 18,5 min dollar) mükafat alacaq. Məşqçilər, tibb işçiləri və digər komanda işçiləri də artırılmış bonuslar alacaqlar.
Samir