Polşanın baş naziri Donald Tuskun “Şimal axını”nın tikintisinin təşəbbüskarı və dəstəkçisi olanların "üzr istəməli və ağzını bağlamalıdır" bəyanatı alman rəsmilərini heyrətə gətirsə də, onlar buna məhəl qoymamaq qərarına gəliblər.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
WSJ-nin məlumatına görə, Almaniya tərəflər arasında münasibətlərin korlanmasının qarşısını almaq üçün Polşaya cavab verməmək qərarına gəlib. Adı açıqlanmayan alman nazirin sözlərinə görə, Berlin və Varşava əməkdaşlıq etməli və Ukraynanı birlikdə dəstəkləməlidirlər.
"Putin bizim ümumi düşmənimizdir və biz hamımız bunu yadda saxlamalıyıq", deyə WSJ mənbəsi bildirib.
Polşanın baş naziri mətbuatda qaz kəmərlərinin partlaması və Ukraynanın mümkün iştirakı ilə bağlı yeni məlumatların dərci fonunda X sosial şəbəkəsindəki səhifəsində yazmışdı ki, dəstək və təşəbbüskar olanlar “Şimal axını” və “Şimal axını 2” layihələrinə görə üzr istəməli və susmalıdır: “Şimal axını 1" və "Şimal axını 2"nin bütün təşəbbüskarlarına və himayədarlarına deyirəm: Bu gün etməli olduğunuz yeganə şey üzr istəmək və susmaqdır".
Bundan əvvəl "The Wall Street Journal" Ukrayna lideri Volodimir Zelenskinin “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini zədələmək planını şəxsən təsdiqlədiyini yazıb. Nəşrin mənbələri əməliyyatda kiçik yaxta və bir neçə dalğıcdan istifadə edildiyini iddia edir. Almaniya prokurorluğu qaz kəmərində baş verən partlayışlarla bağlı Ukrayna vətəndaşının həbsinə order verib. Söhbət Kiyevdən olan dalğıc Vladimir Juravlevdən gedir. Eyni zamanda, Almaniya Xarici Kəşfiyyatının keçmiş rəhbəri Avqust Gunning “Welt”ə müsahibəsində partlayışda Polşanın da əli ola biləcəyini istisna etməyib.
Samir