"İranın yeni Prezidenti Məsud Pezeşkiandan böyük gözləntilərin olması, onun ciddi islahatlar aparmasını düşünmək inandırıcı və real yanaşma deyil".
Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İranda dövlət başçısının səlahiyyətləri və təsir dairəsi çox məhduddur:
"İranda prezident sadəcə ali dini liderin əmrlərini icra edən bir fiqurdur. Yəni Pezeşkian da bunun xaricinə çıxa bilməz. Nə İranın Konstitusiyası, nə də siyasi sistemi buna izn vermir. Üstəlik, Məsud Pezeşkianın prezidentliyə namizəd olması da məhz rejim tərəfindən təsdiqlənib. Düşünürəm ki, Tehran rejimi həm daxildə, həm də xaricdə mülayim üz göstərmək üçün Pezeşkianı seçdi".
Onun sözlərinə görə, rəsmi Tehran dünya ilə münasibətlərini normallaşdırmaq üçün Pezeşkianı hakimiyyətə gətirdi:
"Amma bu, Pezeşkianın İranda inqilab edəcəyi və ya islahatlar aparacağı demək deyil. Çünki onun belə bir səlahiyyəti mövcud deyil. İran siyasi sistemində əsas söz və əmr sahibi ali dini lider Əli Xameneidir. Ölkənin daxili və xarici siyasətini müəyyən edən əsas güc odur. Belə bir şəraitdə Pezeşkian onun cızdığı xətdən kənara çıxa bilməz".
Məhsa Mehdili qeyd edib ki, İranda prezidentlər heç bir zaman ciddi islahatlar aparan bir fiqur olmayıblar:
"Yəni Məsud Pezeşkian da İranı bir gündə avropalı ölkəyə çevirə bilməz. Onun belə bir ixtiyarı da yoxdur. Bütün bunları nəzərə alaraq Pezeşkiandan gözləntiləri müəyyən etmək lazımdır. Üstəlik, İran Prezidenti rejimin mənafeyini də qorumağa borcludur.
O, həm daxili, həm xarici siyasətdə ali dini liderdən asılı vəziyyətdədir. Sadəcə rejimin icazəsi ilə kiçik yumşalmalara gedə bilər. Buna da sadəcə rejimin ömrünü uzatmaq üçün gedilməsi mümkündür".
Güneyli fəal rejim üçün belə bir addım atmağa ehtiyac olduğunu vurğulayıb:
"Çünki Tehran rejimi son 2-3 ildə çox ciddi şəkildə güc itirib. Həm xarici siyasəti iflasa uğradı, həm dünyada imici daha da korlandı, həm də daxildə ciddi münaqişələr yaşandı. Bunu yumşaltmaq üçün təbliğat məqsədli bəzi vədlər verilə bilər. Lakin onların ciddi islahat səviyyəsində olacağına inanmıram. Ona görə ki, İrandakı mövcud siyasi sistem həmişə buna mane olur".
Pərviz