İki il yarım ərzində Ukrayna Qərb ölkələrindən 100 milyard dollardan çox maliyyə yardımı alıb.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal açıqlama verib.
Eyni zamanda, rəsmi Ukrayna üçün xarici maliyyələşdirmənin hazırkı həcmlərinin ölkənin artan büdcə kəsirini ödəmək üçün kifayət etmədiyindən şikayətlənib.
Onun sözlərinə görə, respublikanın dövlət xərclərinin, o cümlədən müdafiə xərclərinin əlavə maliyyələşdirilməsinə kritik ehtiyac var. Bu ilin sonuna qədər ölkə hakimiyyəti 500 milyard qrivna (təxminən 1,2 milyard dollar) almaq üçün mənbələr tapmalıdır, artıq Ali Radaya müvafiq təkliflər təqdim olunub.
Şmıqal bildirib ki, 2025-ci ildə Ukrayna ölkənin büdcə kəsirini ödəmək üçün əlavə 15 milyard dollar tapmalı olacaq. Kiyev maliyyə problemini Rusiyanın dondurulmuş aktivlərindən G7 ölkələrinin maliyyə institutlarında saxlanılan 50 milyard dollarlıq mənfəət hesabına həll edəcəyini gözləyir.
Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyi bəyan etmişdi ki, bu ilin yanvar-iyul aylarında ölkənin dövlət büdcəsindən müdafiə və təhlükəsizlik sektoruna ayrılan xərclər trilyon qrivna (24 milyard dollardan çox) təşkil edib. O da qeyd edilir ki, iyulda 161,1 milyard qrivna (3,9 milyard dollar) hərbi qulluqçulara, hüquq-mühafizə orqanları əməkdaşlarına nağd müavinətlər, o cümlədən hərbi və xüsusi texnika, silah, sursat və s. alınması üçün istifadə olunub.
Samir