Rusiya raketlərinin vurulması Qərb ölkələrini müharibənin iştirakçısı etməyəcək - Kuleba

DÜNYA
21:19 / 29.08.2024
201

Avropa İttifaqı ölkələrinin Ukraynanın hava məkanını qorumaq üçün hava hücumundan müdafiə sistemlərindən istifadə etməsi onları münaqişənin iştirakçısına çevirməyəcək. 

HİT.az xəbər verir ki, bunu “Politico”ya müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba Polşanın Ukrayna üzərindən raketlərin vurulmasında iştirak etmək istəyinə görə minnətdarlığını bildirib, lakin qeyd edib ki, bu cür hərəkətlərin həyata keçirilməsi NATO-nun razılığını tələb edir, çünki Polşanın hava hücumundan müdafiə sistemi Alyansın sistemi ilə inteqrasiya olunub.

"Mən Polşanın müdafiə mexanizmləri yaratmağa hazır olduğuna şübhə etmirəm, lakin onlar bunu təkbaşına edə bilməz. Bu işdə onlara dəstək olacaq tərəfdaşlara ehtiyacımız var", deyə nazir bildirib.

Kuleba digər ölkələrin Rusiya raketlərinin məhv edilməsində iştirakının onları müharibənin iştirakçısına çevirəcəyi və eskalasiyaya gətirib çıxaracağı arqumentini də etibarsız adlandırıb.

"Sizin istiqamətdə uçan və əslində öz ərazinizə ziyan vura bilən raket və ya pilotsuz uçan aparatı vurmaqla müharibəyə getmirsiniz", deyə nazir qeyd edib.

Kuleba digər NATO ölkələrini də Ukrayna üzərində Rusiya raketlərinin qarşısını almağa çağırıb:

"Söhbət təkcə Polşanın hava məkanında olan təyyarələrdən deyil, həm də Ukrayna hava məkanında Rusiya raketlərinin ələ keçirilməsi imkanından gedir".

Ukrayna və Polşa Ukrayna ərazisi üzərində Rusiya raketləri və pilotsuz təyyarələrini birgə vurmaq üçün mexanizm hazırlamağa çalışır. Polşada NATO üzvü olan ölkələrlə bu barədə danışacaqlarını deyirlər.

Eyni zamanda, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Con Kirbi münaqişənin gərginləşməsinin nə Ukrayna, nə də Polşa üçün faydalı olmayacağını qeyd edib.

Bundan əvvəl prezident Volodimir Zelenski bildirib ki, Ukrayna NATO ilə Ukrayna səmasında Rusiya raketlərinin qarşısını almaq üçün qonşu ölkələrin koalisiyasının yaradılması ilə bağlı razılaşmaq niyyətindədir.

Samir

                                                  
 

0