Düşüncələrinizə diqqət edin, çünki...

DÜNYA
21:00 / 30.08.2024
266

Bəzən yaşadığımız nələrisə daha öncə yaşadığımızı zənn edirik.

Daha doğrusu, xəyalımızdan keçən və ya düşündüyümüz hadisənin reallaşdığını görürük. "De-javu" effekti verən bu hadisə əslində şüuraltımızda baş verir. 

Yəni daha öncə bilərək və ya bilməyərək düşündüyümüz hər hansı hadisəni nə zamansa yaşayırıq. Çox təəssüf ki, bu, mənfi hadisələrdə özünü daha çox göstərir. Belə ki, qorxduğumuz və ya reallaşmasını istəmədiyimiz bir anı o qədər düşünürük ki, bir müddət sonra o həyata keçir. 

O zaman isə "mən bilirdim", "bunun olacağını gözləyirdim" kimi sözlər deyirik. Əslində isə biz o anı yaşamağı şüuraltımızda kodlaşdırmış oluruq. İstəməmizə rəğmən, onun baş verməsinə o qədər inanırıq ki, kainata da bununla bağlı mənfi mesajlar ötürmüş oluruq. Nəticə etibarilə, qorxduğumuz hadisə ilə üzləşmək məcburiyyətində qalırıq.

Hətta Mövlanənin bununla bağlı çox möhtəşəm bir sözü var:
"Sən düşüncədən ibarətsən. Qalanı ət və sümükdür. Gül düşünsən, gülüstan, tikan düşünsən, tikanlıq olar".

Olduqca hikmətli və həqiqəti əks etdirən sözdür. Biz bəzən həqiqətən də düşüncə gücü ilə nələrəsə nail ola bilirik. Lakin əfsuslar olsun ki, bunu arzulamadığımız, pis anlar üçün bilmədən "istifadə edirik".

Buna bir nümunə verək. Məsələn, bir nəfər telefonunun ekranının sınmasından çox qorxur və davamlı şəkildə ən bahalı qoruyucuları alır. Hətta ekran qoruyucuda hansısa cızıq və ya ləkə belə olsa anında gedib yenisini ilə əvəzləyir. Həmçinin, bütün gün telefonun əlindən düşməməsi üçün hər şeyi edir.

Əlbəttə ki, həmin şəxsin şüuraltında hər an telefonun əlindən düşərək, ekranın sınmasının görüntüsü olur. Bunun baş verməsindən çox qorxur, amma daim onu düşünür. Təbii ki, burada paranoya əlamətləri də hiss olunur. Nəticədə isə telefonun ekranını o qədər qorumasına rəğmən, qorxduğu başına gəlir və ekran sınır.

Yəni davamlı şəkildə hansısa problemi düşünməklə ondan uzaqlaşa bilməzsiniz. Əksinə, belə edərək ona daha sürətlə yaxınlaşarsınız. Yekunda qorxduğunuz o an baş verər. Ona görə də düşüncələrimizə diqqət etməliyik. Hər zaman müsbət və pozitiv düşüncədə olmalıyıq. Şüuraltımıza müsbət mesajlar ötürərək, həyatımızı da gözəl yaşaya bilərik. Çalışın pis düşüncələrdən uzaq olun...

Pərviz

0