Rusiya nə üçün Ukrayna hərbçilərini ərazisindən çıxara bilmir? - ŞƏRH

DÜNYA
13:45 / 05.09.2024
360

"Rusiya Ukraynanın taktiki gedişlərinə uymamaq üçün Kursk istiqamətində  canlı qüvvəni çox səfərbər etmir". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Ukraynanın da uzun müddət Kurskda əməliyyat aparmağa gücü çatmayacaq:

"Çünki Ukrayna Qərbin ona verdiyi imkanların əsas hissəsini Rusiyanın ərazilərində gedən döyüşlərə sərf edir. Amma hər bir halda, Ukraynanın bu hücumlarının davamlı olacağı təqdirdə, Rusiya hərbi qüvvələrinin bir hissəsini həmin istiqamətə göndərməyə məcbur olacaq. 

Ümumiyyətlə, müharibələrdə həmişə qarşı tərəfin diqqətini əsas yerdən yayındırmaq üçün digər istiqamətlərdə hücumlar edilir. Ukrayna da indi bu taktikanı tətbiq etməyə çalışır".

357494

Amma ekspertin fikrincə, Ukraynanın Rusiya ərazilərinə hücumunun müqəddəratı Qərbin göstərəcəyi dəstəkdən asılı olacaq:

"Əgər başda ABŞ olmaqla Qərb Ukraynaya dəstəyini davam etdirsə, əməliyyat davam edəcək. Lakin qarşıdan soyuq qış aylarının gələcəyini də nəzərə almaq lazımdır. Üstəlik, Rusiya tarixən qış aylarında müharibə aparmaq bacarığına malik olub. 

Yəni rus hərbçiləri soyuq aylarda ukraynalılara nisbətən daha çox müharibə aparmaq imkanlara sahibdirlər. Bu amilləri də nəzərə almaq lazımdır. Rəsmi Kiyev də bunu başa düşür. Ona görə də qış fəslindən öncə rus ordusunu zəiflətməyə və onu  geri çəkilməyə vadar etməyə çalışır". 

Ekspert Rusiyanın nəyə görə Ukrayna hərbçilərini öz ərazisindən çıxarmaqda çətinlik çəkdiyi barədə sualı isə belə cavablandırıb:

"Rusiya özünün əsas hədəfindən yayınmamaq üçün Kurskda Ukraynaya ciddi müqavimət göstərmir. Ukrayna da bunu anladığı üçün rus əhalisi arasında panika yaratmaq məqsədilə hücumlarını daha da artırır. Kiyevin də məqsədi Rusiyanın əsas qüvvələrini Kursk istiqamətinə çəkməkdir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Rusiya ordusunun da gücü tükənməz deyil:

"Yəni Rusiya ordusunun istəsə Ukrayna ordusunu darmadağın edəcəyini düşünmək olmaz. Kremlin hədəfi əməliyyatı bir neçə həftədə başa çatdırmaq idi. Amma buna nail ola bilmədi. Həm Ukrayna dövlətinin, həm xalqının, həm də ordusunun belə müqavimət göstərəcəyini gözləmirdilər. Ukrayna xalqının bir hissəsinin rusları gül-çiçəklə qarşılayacaqlarını gözləyirdilər. Əksinə, tamam fərqli reaksiya ilə qarşılaşdılar. Eyni zamanda, Qərbin də yardımlarının bu şəkildə olacağını zənn etmirdilər".

Pərviz

0