"Rusiya Prezidenti Vladimir Putinin ABŞ-də keçiriləcək prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan etməsinə iki istiqamətdən baxmaq olar".
Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini bitirəcəyini iddia edir:
"Onun həm Ukraynaya, həm də Rusiyaya çox ciddi təzyiq göstərəcəyi deyilirdi. Ona görə də çoxları Trampın seçilməsinin Rusiyaya sərf etdiyini düşünür. Münaqişənin bitməsini istəyənlər də Trampın seçilməsini arzulayırlar. Əvvəlki namizəd Co Baydenin, indi isə Kamala Harrisin seçilməsinin Rusiyaya çox böyük zərər verə biləcəyi deyilir.
Belə ki, Ukrayna Rusiyaya qarşı silahlandırıla, hərbi, maliyyə və digər cəhətlərdən daha çox dəstək verilə bilər. Bu isə Kreml üçün çox çətin dövrün başlanğıcı olardı. Amma Putin Harrisin seçilməsinin tərəfdarı olduğunu deyir, daha əvvəl də Baydeni tərifləmişdi. Ona görə də bununla bağlı iki istiqamətdə fikir formalaşdırmaq olar".
Ekspert hesab edir ki, Putin əslində Trampın seçilməyini istəyir:
"Ancaq Putin düşünür ki, Trampın Rusiya ilə yaxın görünməsi və onun dəstəklədikləri imicinin yaranması yekun nəticədə Trampa zərər vurar. Nəzərə almaq lazımdır ki, ABŞ-də bəzi qüvvələr də Donald Trampı Rusiyapərəst bir mövqedə olduğunu göstərməyə çalışırlar.
Co Bayden isə açıq şəkildə Rusiyaya qarşı mübarizə apardıqlarını deyirdi. Kamala Harris də hazırda buna bənzər bəyanatlar verir. Ona görə də, Putin Bayden və Harrisin kampaniyasına zərər vurmaq, habelə Trampı qorumaq üçün qəsdən belə ifadələr səsləndirə bilər".
Turab Rzayev ikinci versiyadan da bəhs edib:
"Bəzi ekspertlər isə düşünürlər ki, Ukrayna müharibəsi dolayı yolla hansısa məqamda Rusiya və ABŞ-dəki hakimiyyətə müəyyən məsələləri həll etməyə imkan verir. Ona görə də nə Ağ Ev Putinin müharibəsindən narazıdır, nə də Kremlin həqiqətən ABŞ ilə münasibətləri gərgindir.
Məsələn, Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 7 milyard dolları ötüb. Faktiki olaraq, Rusiya Ermənistan üzərindən silahları və hərbi texnikaları alaraq Ukraynada istifadə edir. Əslində Qərb buna göz yummaqla səmimi olmadığını göstərir. Əks təqdirdə, bunun qarşısını almağa çalışardılar.
Amma belə boşluq buraxıldığı üçün Rusiya rahat şəkildə istədiyi silahları əldə edir və Ukraynaya çox böyük zərər vurur. Yəni Putinin siyasətinin Kamala Harrisin əsl mövqeyi ilə uyğun gəldiyi iddia olunur. Hərçənd ki, mən bu ehtimala inanmıram. Buna baxmayaraq, belə versiya da var".
Pərviz