Kir Starmerdən Putinin Rusiya-NATO müharibəsi ilə bağlı təhdidlərinə cavab

DÜNYA
11:14 / 13.09.2024
199

Böyük Britaniyanın baş naziri Kir Starmer Vladimir Putinin Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisində hər hansı istifadəsinin Rusiya Federasiyası ilə NATO müharibəsinə gətirib çıxaracağı ilə bağlı bəyanatlarına cavab verib. Baş nazir Putinin Ukraynada müharibəyə başladığını və onu istədiyi vaxt bitirə biləcəyini deyib.

HİT.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Baş nazir ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona gedərkən mətbuata açıqlama verib. Rusiya prezidentinin təhdidlərinə birbaşa cavab verən Starmer deyib: "Bu münaqişəni Rusiya başlayıb. Rusiya Ukraynaya qanunsuz müdaxilə edib. Rusiya bu münaqişəyə dərhal son qoya bilər. Ukraynanın da özünümüdafiə hüququ var".

O əlavə edib ki, Böyük Britaniya Ukraynaya Rusiyanın işğalını dəf etmək üçün "təlim və imkanlar" verib və onun ABŞ-a səfərinin qismən bu imkanların mahiyyətini müzakirə etmək olduğunu deyib.

The Guardian daha əvvəl yazıb ki, ABŞ və Britaniya digər müttəfiqləri ilə Ukraynanın Rusiya ərazisindəki hərbi obyektləri "Storm Shadow" raketləri ilə vurmasına icazə vermək barədə razılığa gəliblər.

Baş nazir "Storm Shadow" ilə bağlı məlumatı şərh etməkdən imtina edib, lakin qeyd edib ki, qəbul edilən bütün qərarların strateji kontekstdə olduğuna əmin olmaq istəyir.

"Yaxın bir neçə həftə və aylarda həm Ukraynada, həm də Yaxın Şərqdə həqiqətən mühüm hadisələr mümkündür, ona görə də bir neçə taktiki qərar qəbul etmək lazımdır", deyə Starmer bildirib.

Samir

0