Polşanın xarici işlər naziri Radoslav Sikorski söz verib ki, ölkə hakimiyyəti Çexiyanın Ukrayna üçün mərmi almaq təşəbbüsünü maliyyələşdirməyə pul tapacaq.
HİT.az bu barədə "Unian"a istinadən xəbər verir.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Varşava artıq bu il Kiyevə kömək üçün 50 milyon avro ayırmaq barədə siyasi qərar qəbul edib. Üstəlik, 2025-ci ildə respublika Ukraynanı dəstəkləmək üçün analoji məbləğdə pul xərcləmək niyyətindədir.
"Lakin Strateji Ehtiyatlar üzrə Dövlət Agentliyi ilə bağlı bəzi texniki, inzibati və hüquqi məsələlər var", deyə Sikorski vurğulayıb.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi öz növbəsində Ukrayna qoşunlarına kömək etmək üçün əlindən gələni edib. Bununla bağlı nazir digər idarələrin də lazımi tədbirlər görəcəyinə ümid etdiyini bildirib: "Bu, mütləq ediləcək".
2024-cü ilin fevralında Çexiya prezidenti Petr Pavel ölkə rəhbərliyinin xaricdən 800 min artilleriya mərmisi alıb Kiyevə təhvil vermək imkanının olduğunu açıqladı. Praqa müttəfiqlərindən maliyyə alacağı təqdirdə bu təşəbbüsü həftələr ərzində həyata keçirə bilər.
Avqustun 6-da İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti yazıb ki, Çexiya Ukraynaya vəd etdiyi sursat miqdarını çatdırmamaq riski ilə üzləşib. Gözlənilir ki, satınalmalar zamanı yaranan problemlərə görə Kiyev ilin sonuna kimi 300 min mərmi almayacaq.
Samir