İsrail-HƏMAS müharibəsi nə zaman bitəcək? - "Atəşkəsin əldə olunması..."

DÜNYA
12:09 / 17.09.2024
983

"Dəfələrlə cəhdlər edilməsinə baxmayaraq İsrail və HƏMAS atəşkəslə bağlı razılığa gəlmirlər".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hər iki tərəf özünün konkret mövqeyindən geri çəkilmir:

"Bütün bunlar isə onu deməyə əsas verir ki, İsrail-HƏMAS müharibəsi hələ uzun müddət davam edəcək. Söhbət Qəzza zolağında HƏMAS hərbçilərinin neytrallaşdırılmasından və yaxud da digər istiqamətlərdə onlara qarşı həyata keçirilən əməliyyatlarda HƏMAS-ın ciddi itki verməsindən getmir. Belə müharibələrdə mülki insanların arasına sızanlar da kifayət qədər çox olur. Hazırda görünən odur ki, Qəza zolağındakı əhali və HƏMAS-ın hərbi birlikləri bundan sonra da İsrailin əməliyyatına qarşı dirəniş göstərəcəklər". 

358203

Politoloq düşünür ki, İsrail-HƏMAS müharibəsi hələ bu şəkildə davam edəcək:

"Zaman-zaman Livan və ya İranın proksi qüvvələri tərəfindən də İsrailə qarşı addımlar atılacaq. Bu da qaçılmazdır. Beynəlxalq güclər də İsrailə təzyiq lazımi qədər göstərmədiyi üçün İsrail əməliyyatları davam etdirir. Lakin tez bir zamanda müharibənin İsrailin və ya HƏMAS-ın yekun qələbəsi ilə başa çatması mümkünsüz kimi görünür".

Rəşad Bayramovun fikrincə, tərəflər arasında tezliklə atəşkəsin əldə olunması gözlənilmir:

"İsrail-HƏMAS müharibəsinin tamamilə dayanması və Qəzza zolağında sülh olmasının yeganə yolu Fələstinin dövlət olaraq tanınmasıdır. Həmçinin, Fələstin də İsraili dövlət olaraq tanımalıdır. Bu baş versə, konkret razılaşma və sərhədlər olarsa sülhdən danışmaq olar. Lakin bu gün üçün İsrail ilə HƏMAS arasında atəşkəsin əldə olunması və ya sülh müqaviləsinin imzalanması qeyri-mümkün görünür". 

Pərviz

0