Avropa bir ildən çoxdur Ukraynaya Hindistan döyüş sursatları verir - TƏFƏRRÜAT

DÜNYA
13:50 / 19.09.2024
173

Hindistan silah istehsalçıları tərəfindən satılan artilleriya mərmiləri avropalı alıcılar tərəfindən Ukraynaya yönləndirilib. Nyu Dehli Moskvanın etirazlarına baxmayaraq ticarəti dayandırmaq üçün müdaxilə etməyib. 

HİT.az xəbər verir ki, "Reuters" agentliyinin Hindistan və Avropa hökumət və müdafiə rəsmilərinə, habelə gömrük məlumatlarının təhlilinə istinadən verdiyi məlumata görə, Ukraynanın müdafiəsini dəstəkləmək üçün sursatların ötürülməsi artıq bir ildən çoxdur həyata keçirilir.

Bu arada Hindistan hökuməti və müdafiə sənayesi mənbələri "Reuters"ə bildiriblər ki, Dehli Ukraynanın istifadə etdiyi sursatın çox cüzi bir hissəsini istehsal edib. Bir rəsmi hesab edir ki, bu, Kiyevin müharibədən bəri idxal etdiyi ümumi silahların 1%-dən azını təşkil edib.

İspaniya və yüksək səviyyəli Hindistan rəsmilərinin, eləcə də sursatlarından Ukraynanın istifadə etdiyi dövlət şirkəti Yantra Hindistanın keçmiş top-menecerinin dediyinə görə, Ukraynaya Hindistan sursatını göndərən Avropa ölkələri arasında İtaliya və Çexiya da var.

Hindistan rəsmiləri və müdafiə sənayesi nümayəndələri bildiriblər ki, Hindistan vəziyyəti izləyir, lakin eyni zamanda Avropaya tədarükün məhdudlaşdırılması üçün heç bir tədbir görməyib.

Hindistan mənbələri bildiriblər ki, uzun müddətdir dünyanın ən böyük silah idxalçısı olan Dehli də Avropadakı uzun sürən müharibəni yeni yaranmaqda olan silah ixracat sektorunu artırmaq üçün bir fürsət kimi görür.

Hindistanın müdafiə naziri Rajnat Sinq daha əvvəl bildirib ki, ötən maliyyə ilində hərbi məhsulların ixracı 2,5 milyard dolları keçib və Dehli 2029-cu ilə qədər bunu təxminən 6 milyard dollara çatdırmaq istəyir.

"Reuters"in yazdığı kimi, gömrük qeydləri göstərir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən iki il əvvəl Hindistanın üç əsas sursat istehsalçısı - "Yantra", "Munitions India" və "Kalyani Strategic Systems" - İtaliya və Çexiyaya, eləcə də müdafiə podratçılarının Ukrayna üçün təchizat zəncirlərinə böyük sərmayə qoyduğu İspaniya və Sloveniyaya 2,8 milyon dollar dəyərində sursat komponentləri ixrac edib.

Və 2022-ci ilin fevralından 2024-cü ilin iyuluna qədər bu rəqəm Hindistanın dörd ölkəyə ixrac etməyə başladığı hazır sursat da daxil olmaqla 135,25 milyon dollara yüksəlib.

Üç Hindistan rəsmisi bildirib ki, Kreml bu məsələni ən azı iki dəfə, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun hindistanlı həmkarı arasında iyul görüşündə qaldırıb.

Görüşdən birbaşa xəbəri olan Hindistan rəsmisinin sözlərinə görə, Lavrov həmkarına ukraynalıların istifadə etdiyi hind sursatları barədə təzyiq edib və onların bəzilərinin dövlətə məxsus Hindistan şirkətləri tərəfindən istehsal olunduğundan şikayətlənib.

Samir
 

0