AP Rusiyanın dərinliklərinə hücumlara qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırış edəcək

DÜNYA
13:12 / 19.09.2024
171

Avropa Parlamenti (AP) Avropa İttifaqı ölkələrini Ukraynaya Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıracaq. 

HİT.az xəbər verir ki, bu barədə AP-nin Strasburqda keçiriləcək plenar iclasında təsdiqlənəcək sənəd layihəsində deyilir.

"Avropa Parlamenti üzv dövlətləri Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Ukraynaya tədarük edilən Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır, çünki bu, Ukraynanın beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu tam şəkildə həyata keçirməsinə mane olur. Ukraynanı əhalisinə və infrastrukturuna hücumlara qarşı həssas edir", deyə qətnamə layihəsində deyilir.

Avropa Parlamentinin üzvləri vurğulayıblar ki, Ukraynaya kifayət qədər silah tədarükü və onların istifadəsinə qoyulan məhdudiyyətlər Aİ-nin indiyədək göstərdiyi səylərə zərbə vurmaq təhlükəsi yaradır.

Avropa Parlamenti həmçinin Ukraynaya daha çox döyüş sursatı, o cümlədən “Taurus” raketləri verməkdə israrlıdır. Avropa Parlamentinin qətnamələri məsləhət xarakteri daşıyır və məcburi deyil.

Samir

0