"Rusiya Ermənistanın ənənəvi strateji müttəfiqi olmasına baxmayaraq, Nikol Paşinyanın Qərblə, xüsusən də Avropa İttifaqı və NATO ilə münasibətləri möhkəmləndirmə cəhdləri Kremlin narahatlığına səbəb ola bilər".
Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyanın bu addımı isə İrəvan və Moskva arasındakı siyasi gərginliyi artırır:
"Rusiyanın Ermənistan üzərindəki təsirini hərbi və iqtisadi əlaqələr, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə qorumağa çalışdığı məlumdur. Lakin ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı çevriliş cəhdinin arxasında müəyyən mənada Kremlin dayanma ehtimalı var. Məncə, bunun daha çox Ermənistanın daxilində Rusiyaya yaxın olan qüvvələr vasitəsilə baş verməsi mümkündür".
Ekspert xatırladıb ki, Rusiya bu cür metodlardan keçmişdə digər postsovet ölkələrində də istifadə edib:
"Məsələn, Rusiya Qazaxıstan və Belarusda olduğu kimi, Ermənistanda da daxili qüvvələri təsir altına almaq istəyə bilər. Rusiya üçün Ermənistanın strateji əhəmiyyəti səbəbindən açıq şəkildə çevriliş təşkil etmək riski də kifayət qədər yüksəkdir.
Nəzərə almaq lazımdır ki, Ermənistan daxilində siyasi gərginliyi daima üst səviyyədə saxlamaq istəyən rəsmi Moskva Paşinyana qarşı keşiş Baqrat Qalstanyandan və keçmiş Qarabağ seperatçılarından istifadə edir. Ancaq həmin qüvvələrin də ölkə daxilində gücü zəifdir".
Politoloq onu da qeyd edib ki, Ermənistanda Nikol Paşinyanın əli hələ də güclüdür:
"Paşinyan mümkün qədər digər siyasi qüvvələri neytralladırmaq siyasəti aparır. Keşiş Baqrat dəfələrlə Paşinyana qarşı xalqın müəyyən hissəsini qaldırsa da nəticə əldə edə bilmədi. Hesab edirəm ki, Paşinyanı hakimiyyətdən devirmək asan proses deyil.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Kremlin siyasi nəzər nöqtəsi və gücü bu savaşa sərf olunur. Deməli, Rusiya Ermənistanda Paşinyanı hakimiyyətdən devirmək üçün daxili qüvvələri düzgün şəkildə istifadə etməlidir. Bundan başqa, Qərb amilini də nəzərdən qaçırmaq olmaz. Paşinyan ehtiyatla davranaraq Rusiyanın ölkə daxilində siyasi təsirini azaltmaq üçün tədbirlər görür və bu prosesin davam edəcəyi də açıqdır".
Pərviz