HƏMAS hərəkatının lideri Yəhya Sinvar bir neçə həftədir ki, heç kiminlə əlaqə saxlamır. Hazırda İsrail hakimiyyəti onun sağ olub-olmamasını araşdırır.
HİT.az "Bild"ə istinadən xəbər verir ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Sinvar qruplaşmanın ən yüksək rütbəli nümayəndəsi olaraq qalır.
İsrail mediasının məlumatına görə, Sinvar İDF-nin Qəzza zolağına hücumları zamanı ölə bilərdi - ən azı bu, İsrail hərbi kəşfiyyatının araşdırdığı variantlardan biridir. Hələlik departamentdə terrorçu liderin ölümü ilə bağlı dəqiq sübut yoxdur.
61 yaşlı Yəhya Sinvar ötən il oktyabrın 7-də HƏMAS terrorçularının 1200 nəfəri öldürdüyü və 250-yə yaxın adamı girov götürdüyü İsrailə hücumun əsas təşkilatçısı hesab olunur. O vaxtdan bəri Sinvar ictimaiyyət arasında görünmür - ehtimal ki, o, Qəzza zolağının altındakı tunellərdədir.
Bəzi İsrail təhlükəsizlik ekspertləri Sinvarın ölümü ilə bağlı şayiələri fərziyyə adlandırırlar. Belə ki, "Haaretz" qəzeti yazır ki, İsrail son aylarda həqiqətən də Sinvarın yerləşə biləcəyi ehtimal edilən tunelləri bombalayıb, lakin onun atəşə məruz qalıb-qalmadığı məlum deyil.
Bu yaxınlarda İsrail hətta Qəzza zolağında qalan 101 girovun azad edilməsi müqabilində HƏMAS liderinə təhlükəsizlik təklif edib. KİV-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Sinvar üçün təhlükəsiz keçid, məhbusların azad edilməsi və hərbi əməliyyatların dayandırılmasını təklifi ilə çıxış edib.
Bunun müqabilində HƏMAS bütün girovları azad etməli və Qəzza zolağının idarə olunması üçün yeni sistemin yaradılmasına razılıq verməli idi. Terror təşkilatının nümayəndələri bu təklifi "qeyri-real" adlandıraraq rədd ediblər.
Samir