Almaniyada hakim koalisiyaya daxil olan partiyalardan biri - Azad Demokratlar Partiyası (FDP) Brandenburq əyalətində keçirilən son seçkilərdə cəmi 0,8 faiz səs toplayıb. Bu, əvvəllər Saksoniya və Türingiyada ağır məğlubiyyətə uğramış azad demokratlar üçün fəlakətli nəticədir.
HİT.az bu barədə "Bild" yazıb.
FDP ofisi artıq bəyan edib ki, hakim koalisiyaya üzvlük federal ştatlarda partiyaya getdikcə daha çox ziyan vurur. Məsələ burasındadır ki, SPD, FDP və Yaşıllar bir neçə aydır ki, miqrasiya, enerji, büdcə və vergilər məsələsində fikir ayrılığına düşüblər.
Bundestaqın üzvü və FDP-nin baş katibi Bican Jir-Saray artıq ARD televiziya kanalında bildirib ki, hazırkı hakim koalisiyaya son qoyulmalıdır:
"Federal hökumət hərəkət etməyi bacarmalı, ölkədə mövcud olan problemləri həll edə bilməlidir. Artıq ölkədəki problemləri birgə həll edə bilməyən hökumət, təbii ki, diqqətlə təhlillərə məruz qalmalıdır".
FDP sədrinin müavini Volfqanq Kubiçki hətta "Welt"ə açıqlamasında ultimatum da irəli sürüb: Ya hakim koalisiya yaxın üç həftə ərzində ümumi qərarlara gələcək, ya da FDP hökuməti tərk edəcək.
Bavariyadakı FDP lideri Martin Hagen bildirib: "Əgər bunun artıq mümkün olmadığını başa düşürsənsə, o zaman nə vaxtsa fişini çəkməyə hazır olmalısan".
FDP idarə heyətinin üzvü Kristofer Foqt da artıq SPD və Yaşıllar ilə effektiv əməkdaşlığın mümkünlüyünə inanmır:
"Vətəndaşlardan gələn siqnal aydındır: Berlinin indi təcili olaraq miqrasiya və iqtisadi siyasət sahəsində aydın kurs dəyişikliyinə ehtiyacı var. Ancaq bunun Yaşıllar və SPD ilə mümkün olacağına ümidim sönməkdədir".
Çox güman ki, yaxın gələcəkdə Almaniyanın maliyyə naziri və FDP üzvü Kristian Lindner partiyanın hakim koalisiyadan mümkün çıxması üçün cədvəli açıqlayacaq.
Samir