Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi tez həll oluna bilməz. Onun sözlərinə görə, ABŞ və alyansda iştirak edən bəzi digər ölkələr postsovet respublikasının Şimali Atlantika blokuna üzv olmasını istəmir.
HİT.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.
"Birincisi, ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir. Həmçinin bir sıra NATO ölkələri Ukraynanın alyansa üzv olmasını istəmir. Mövcud reallıqlara əsaslanaraq qərar qəbul etməliyik. Bunlar tələsmək lazım olan məsələlər deyil. Biz qərarlar qəbul edərkən həmişə digər üzv ölkələrin mövqeyini nəzərə alırıq, mübahisəli məsələləri danışıqlar masası arxasında müzakirə edirik və bundan sonra yekun qərar veririk", deyə Türkiyə dövlət başçısı bildirib.
Bundan əvvəl Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə Nyu-Yorkda apardığı danışıqlardan sonra taxıl sazişinin mümkün bərpasına və Ukraynadakı münaqişə zonasında atəşkəsə nail olunmasına kömək edəcəyinə söz vermişdi.
Zelenski daha əvvəl Ukrayna üçün "qələbə planı"na tam hazır olduğunu açıqlamışdı. Onun sözlərinə görə, təşəbbüs Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur etmək üçün güclü paketi nəzərdə tutur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin sözlərini şərh edərkən qeyd edib ki, Moskva Kiyev rejiminin mahiyyətindən xəbərdardır, müharinbəni davam etdirir və bütün məqsədlərinə çatacaq.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya öz növbəsində bildirib ki, Zelenski Qərb ölkələrini Rusiya ilə münaqişədə payları qaldırmağa və birbaşa iştirakçı olmağa məcbur etməyə çalışır. Diplomatın sözlərinə görə, Ukrayna dünyanı III Dünya müharibəsinin uçurumuna atmağa hazırdır.
Samir