Çin "Ukrayna böhranı" ilə bağlı BMT-də üç tələb səsləndirdi: "Dünya iqtisadiyyatını yükləyir"

DÜNYA
17:10 / 25.09.2024
127

"Çin təkid edir ki, Ukrayna və Rusiya dərhal atəşi dayandırsınlar və danışıqlar masasına otursunlar. Çin də anti-Rusiya sanksiyalarına qarşıdır".

HİT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq I BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O, çıxışına müharibəni "Ukrayna böhranı" adlandırmaqla başlayıb və mülki əhalinin əziyyət çəkdiyini vurğulayıb. Nazir bildirib ki, bütün tərəflər sülhə və insanlara üstünlük verməli və sülh danışıqlarının təşviqinə səmimi sadiq olmalıdırlar.

O vurğulayıb ki, münaqişə zonasının genişlənməsinin qarşısını almaq üçün ilk növbədə hərbi əməliyyatları dayandırmaq lazımdır. Xüsusilə Vanq I nüvə silahından istifadənin, atom elektrik stansiyalarına və ümumilikdə mülki infrastruktura hücumların yolverilməzliyini vurğulayıb. O, həmçinin müharibə edən ölkələrə silah tədarükünü tənqid edib.

İkincisi, Çin nümayəndəsi təcili dialoq və danışıqlara ehtiyac olduğunu vurğulayıb.

"Dialoq və danışıqlar Ukraynadakı böhranın həlli üçün yeganə əlverişli yoldur. Əgər sülh danışıqları tezliklə başlamasa, o zaman səhv və yanlış hesablamalar olacaq ki, bu da daha böyük böhrana gətirib çıxaracaq", deyə Vanq I bildirib.

Üçüncüsü, Çin Xarici İşlər Nazirliyinin rəhbəri "böhranın dünya iqtisadiyyatına sıçramasına qarşı" xəbərdarlıq edib. Xüsusilə, o, sanksiyalardan çəkinməyə və dünya ticarətinin müəyyən sahələrini blokadaya almağa çağırıb.

"Ukrayna böhranının nəticələri dünya iqtisadiyyatını daha da yükləyib. Qlobal Cənubdakı bir çox ölkələr ciddi təsirlərə məruz qalıb və bu, BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə nail olmağı çətinləşdirir. Heç bir tərəf böhran yaratmalı və qeyri-qanuni birtərəfli sanksiyalardan sui-istifadəyə haqq qazandırmalı və normal biznes fəaliyyətini boğmamalı, müxtəlif eksklüziv qruplar yaradaraq dünyanı daha da parçalamamalıdır", deyə nazir qeyd edib.

Eyni zamanda diplomat əmin edib ki, Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyi ardıcıl olaraq qalır:

"Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. BMT Nizamnaməsinin məqsəd və prinsipləri yerinə yetirilməlidir. Bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməlidir və bu böhranın həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləmək vacibdir".

Aydın

0