Pentaqon yüksək rütbəli rəsmiləri ABŞ-a döyüş meydanında istifadə üçün Ukraynaya ağ fosforlu sursat verməyi tövsiyə edib. Bununla belə, Ağ Ev dəfələrlə bu ideyanı rədd edib.
HİT.az xəbər verir ki, bu barədə NBC News planlarla tanış olan üç ABŞ rəsmisinin sözlərinə istinadən yazıb.
Pentaqon bir neçə yardım paketinin, o cümlədən son yardım paketlərinin bir hissəsi kimi Ukraynaya ağ fosfor mərmilərinin verilməsini tövsiyə edib. Rəsmilərin sözlərinə görə, bu qərar təsdiq olunsa, ictimaiyyətə açıqlanmayacaq.
Nəşrin mənbələri izah edir ki, ağ fosforu əhatə edən stiqma və onun mülki əhaliyə təsir edə biləcəyi qorxusu Bayden administrasiyasının rəsmilərini tövsiyəni təsdiqləməkdən çəkindirir. Pentaqon və Ağ Evin Milli Təhlükəsizlik Şurası şərh tələblərinə cavab verməyib.
Qeyd olunur ki, ABŞ hazırda tüstü yaratmaq və qoşunların hərəkətini gizlətmək, həmçinin döyüş meydanını işıqlandırmaq üçün artilleriya mərmilərində ağ fosfordan istifadə edir. Pentaqon isə Ukraynanı düşmən qoşunlarına qarşı istifadə üçün deyil, məhz bu məqsədlə ağ fosforlu artilleriya mərmiləri ilə təmin etməyi tövsiyə edib.
Qeyd edək ki, ağ fosfor oksigenin təsiri altında dərhal alovlanan bir maddədir. Çox yüksək temperaturda yanır və onu söndürmək çətindir. Maddə səthlərə, xüsusən də geyimə və ya dəriyə yapışır və ölümcül yanıqlara səbəb ola bilər. Çox vaxt sarımsaq iyi verən tüstünün tərkibindəki kimyəvi maddələr də ağciyərlərə və gözlərə zərər verə bilər.
XX əsrdə - II Dünya müharibəsi və Vyetnam müharibəsi də daxil olmaqla münaqişələr zamanı ABŞ düşmən qoşunlarına qarşı ağ fosfordan istifadə edib. İndi başqa məqsədlər üçün istifadə olunur.
Ağ fosforlu sursatlar qanunsuz deyil və Kimyəvi Silahlar Konvensiyasına əsasən kimyəvi silah kimi təsnif edilmir. Amma beynəlxalq hüquq tələb edir ki, ondan istifadə edən hərbçilər hərbi obyektlər və mülki əhalinin məskunlaşdığı yerlər arasında fərq qoysunlar.
Samir