Gürcüstanın baş naziri İrakli Kobaxidze izah edib ki, Ukraynada hərbi əməliyyatlar zamanı dağıntıların hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının seçki bannerlərində əks olunan şəkilləri gürcü xalqına müharibə və sülhün bahasını xatırlatmaq məqsədi daşıyır.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Biz gürcü xalqına müharibənin və sülhün qiymətinin nə olduğunu xatırlatmalıyıq", deyə Gürcüstan hökumətinin başçısı bildirib.
O, Gürcüstanda Donetsk və Mariupolun görüntüləri olan təbliğat plakatlarını şərh edərkən xatırladıb ki, vaxtilə yüksək rütbəli Ukrayna rəsmiləri Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çağırıblar.
Baş nazir əlavə edib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakimiyyəti bərpa etmək istəyən Gürcüstan müxalifətinin yeganə məqsədi bir həftə ərzində “ikinci cəbhə” açmaqdır.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. "Gürcü Arzusu" parlament seçkiləri ilə əlaqədar küçələrdə "Müharibəyə yox! Sülhü seçin!” şüarlı bannerlər yerləşdirib. Bannerlərdə Ukraynada müharibə nəticəsində baş vermiş dağıntılarla Gürcüstandakı vəziyyət müqayisə olunub.
Buna cavab olaraq Ukrayna XİN-i bəyanat yayıb. Orada deyilir ki, Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsinin nəticələrini əks etdirən şəkillərin siyasi reklam kampaniyalarında istifadə edilməsi qəbuledilməzdir:
"Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyir və yolverilməz hesab edir. Ukrayna Rusiyanın təcavüzünə müqavimət göstərdikcə gürcü xalqı yeni müharibədən qorxa bilməz. Biz Gürcüstan hökumətini, hakim "Gürcü Arzusu” partiyasını və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq”.
Samir