Dünyanın ən qəribə müharibəsi: Bütün ölkə dəvəquşlara məğlub oldu - TARİX

DÜNYA
23:18 / 29.09.2024
163
Tarixin ən qəribə müharibəsi hansıdır? Yəqin ki, çoxumuz Zənzibar adasında cəmi 38 dəqiqə davam edən müharibəni düşünərik. Amma ondan daha qəribəsi bizdən xeyli uzaqda olan qitə dövlətində baş verib.
 
Qitədə firavan həyat yenə müstəmləkəçi dövlətlərin buraya addım atmalarına qədər olub. Avstraliyanın həqiqi yerliləri həmin dövrə qədər döyüşdən, müharibədən uzaq olublar.
 
Qitəni kəşf edən ingilislər narazı olduqları vətəndaşlarını ölkənin ən yararsız hesab etdikləri bölgələrinə sürgün ediblər. Üstəlik, həm maddi sərvətlər, həm də qul əldə etmək üçün qitəyə güclü axın başlayıb. Get-gedə ölkənin əhalisi çoxalıb.
 
 
İyirminci əsrin 20-ci illərində ölkəni ağır böhran ağuşuna alıb. Tarixə bu, "böyük böhran” adı ilə daxil olub. Avstraliyanın iqtisadiyyatı demək olar ki, tamamilə çöküb. Bütün ölkəni işsizlik bürüyüb. Maddi sıxıntılar ölkəyə eyni zamanda psixoloji sıxıntılar da gətirib. Əhalinin bütün təbəqələri ağır depressiyanın əsiri olub. Ciddi ərzaq qıtlığı fermerlərin də işini iflic edib. Fermerlər min bir əziyyətlə və pulla əkib-becərdikləri buğdanı hər gün bir az da ucuz satmağa vadar olublar. Hər kəs fermerlərin yetişdirdiyi dənli bitkilərə möhtac olub.
 
Fermerlər böhranla mübarizə apararkən, ondan daha güclü və qəddar bir düşmənlə üz-üzə qalıblar. Emu! Bəli, söhbət dəvəquşukimilər sinfinə aid quş növü olan emulardan gedir.
 
Olduqca böyük gövdəyə malik bu quşlar təbiətdə çoxalıb, dəstələr şəklində qida axtarırlar. Təbiətdəki təbii qidalar kifayət etmədiyinə görə Avstraliyanın emuları çətin vəziyyətdə olan əhalinin "boğazına şərik olmağa” başlayırlar. Fermerlər onlarla heç cür mübarizə apara bilmirlər. Həm bədəncə çox iri idilər (təxminən 2 metr boyunda), həm də çox sürətli qaçırdılar. Qaçan emu sürüsünün ayaqları altında qalıb əzilmək ölümlə nəticələnə bilərdi. Üstəlik acgöz quşların bədəni ağır zərbələrə davamlı idi. Bəhsi gedən dönəmdə Avstraliyadakı emu sayı təxminən 20 min idi və bu rəqəm kifayət qədər təhlükəli idi.
 
 
İri quşlar təbiətdəki qida ilə kifayətlənməyib, gecə-gündüz taxıl anbarlarına və zəmilərinə hücum edir, buğdanı talayırdılar. Özlərinin verdiyi zərər azmış kimi, hücum etdikləri anbarların və zəmilərin hasarlarını qırırdılar. Bununla da digər vəhşi heyvanların da hücumuna zəmin yaranırdı.
 
Bir sözlə, vəziyyət artıq dözülməz həddə çatırdı. Ölkə tamamilə ac qalmaq təhlükəsi ilə üz-üzə qalırdı. Fermerlər məcbur olub dönəmin müdafiə naziri Corc Pirsə müraciət ediblər. Əslində, bütün ölkə artıq bu təhlükəni bilirdi. Keçmiş döyüşçülərdən (veteranlardan) ibarət bir qrup şəxs nazirin qəbulunda olub, onu məsələdən agah edir. Nazirdən kəndləri emu işğalından azad etmək üçün səlahiyyət və pulemyot istəyirlər. Ölkədəki qıtlığı və emu istilasından çoxdan xəbəri olan nazir dərhal onlara bu səlahiyyəti verir və əmr edir: "Məhv edin!”
 
Əslində, nazir bu icazəni yalnız qida təhlükəsizliyi üçün verməmişdi. Müdafiə naziri emuları çox yaxşı tanıyırdı. Onların sürətinə və hədəfdən yayınmaq məharətinə bələd idi. Uça bilməyən bu nəhəng quşların bədəni zirehi xatırladırdı. Pulemyot gülləsi onların bədəni üçün ölümcül deyildi. Emunu güllə ilə öldürmək üçün onların yalnız başını hədəf almaq lazım idi. Nəhəng quşların başı isə çox balaca idi. Hərəkətdə olan iri quşun balaca başını nişan almaq olduqca yüksək atıcılıq məharəti tələb edirdi. Veteranlar üçün bu məsələ çox əhəmiyyətli bir hərbi təlimə bərabər idi. Müdafiə naziri bu icazəni verməklə həm veteranların döyüş qabiliyyətini artırmağı, həm də xalqın gözündə fermerlərin qayğısına qalan bir nazir olmağı hədəfləmişdi. Şöhrətini artırmaq üçün nazir  döyüşçülərlə bərabər çəkiliş qrupu da bu işə cəlb edib. Onlara bütün atışları və emu qırğınlarını lentə almaq tapşırılıb.
 
Beləliklə, xüsusi bir ordu yaradılır. Orduya rəhbərlik topçu alayından mayor Merediyə tapşırılır. Yaradılan ordu I və II Dünya müharibəsində istifadə olunan 1 saniyədə 10 mərmi atan Luiz tüfəngləri ilə silahlandırılır. Hədəf isə bütün emuların məhv edilməsi idi.
 
 
Bütün hazırlıqlar tamamlanandan, ordu döyüş vəziyyətinə gətiriləndən sonra ölkədə emulara qarşı rəsmi müharibə elan olunub. Nazirin hesablamalarına görə 3 kilometr məsafədən hədəfi məhv etməyə qadir olan silahlarla təchiz olunan və təcrübəli döyüşçülərdən ibarət olan ordu dərhal bütün emuları qitədən siləcək.
 
Elə döyüşün ilk saniyələri təbiət emuların harayına çatır. Təcrübəli və yüksək rütbəli əsgərlər emu sürülərindən birini mühasirəyə alır. "Düşmən”i nişan alıb atəş açmaq istəyəndə şiddətli yağış başlayır. Bundan təlaşa düşən quşlar dərhal qaçıb gizlənirlər. Hədəfdə bir emu da qalmır. Məcburən geri çəkilən ordu bir neçə gün gözləmək məcburiyyətində qalır. Günlər sonra "kəşfiyyat” təxminən min emudan ibarət sürünün yerini müəyyən edir. Bu dəfə Avstraliya ordusu bütün canlı qüvvəsini səfərbər edir. Hər kəs əmr olunan yerdə mövqe qurub "atəş!” əmrini gözləyir. Nəhayət "vur!”  əmri verilir. Bir neçə saniyə içində minlərlə güllə atılır. Silahlar susanda meydanda "düşmən” görünməyib.
 
Hamsı qaçıb canlarını qurtarmışdı. Cəmi 12 atıcı emunun başını nişan ala bilmişdi. Bu "böyük əməliyyat” belə rüsvayçılıqla sona çatıb.  Bu əməliyyat həm də ən uğurlusu olmuşdu. Növbəti əməliyyatlarda yalnız 1-2 emu öldürə bilmişdilər.
 
Bu əməliyyatlara münasibət bildirən ordunun komandiri vəziyyəti belə şərh etmişdi: "Emuların qoşunlarının bir başçısı var və o, çox uğurlu strategiya tətbiq edir”.
 
Saysız uğursuz əməliyyatlardan sonra komandir Meredi bu dəfə "döyüş taktikasını” dəyişir. Hərbi maşınların üzərinə pulemyotlar yerləşdirib "döyüşə” göndərir. Bu isə ağır vəziyyəti daha da ağırlaşdırır. Çünki hərəkətdə olan maşından nişan alıb hərəkətdə olan hədəfi vurmaq mümkün deyildi. Üstəlik, yollar kələ-kötür olduğuna görə demək olar ki, heç atış baş vermir.  "Döyüş” təxminən 7 gün davam edir və orta hesabla 25 min mərmi sərf olunur. 25 min mərmi ilə heç 50 "düşmən” də məhv edilmir. Müdafiə naziri artıq mətbuatda da tənbeh olunur.
 
Ölkənin ordusu vətəndaşın gözündən düşməyə davam edir.Fermerlər məcbur olub bu dəfə Baş nazirdən imdad diləyir. Baş nazir də demək olar ki, eyni strategiyanı tətbiq edir- müharibə!
 
 
Güllə yağışları isə emuları sadəcə "qıdıqlayırdı”. Əkinlərin, anbarların talanı davam edirdi. Müdafiə naziri və baş nazirin rəhbəri olduğu müharibə orta hesabla 1 ay davam edir. Bir ay sonra məhv edilən "düşmən” sayı heç min də olmur. Hədəf isə 20 min emu idi. Bir ay sonra hərbi əməliyyatlar dayandırılır. Bu dəfə kəndlilər işə cəlb olunur. Məhv edilən hər emu üçün pul mükafatı təyin olunur. Təcrübəli ordunun öhdəsindən gələ bilmədiyi bu işi kəndli də həll edə bilmir. Hökumət məcbur olub rəsmən müharibənin sona çatdığını və emulara məğlub olduğunu elan edir. Beləliklə, rəsmən elan olunan müharibə rəsmən də başa çatmış olur. Amma emu istilası həmin tempdə davam edir. Növbəti illərdə hökumət bu dəfə başqa yolla bu məsələni həll edir. Yüksək və olduqca möhkəm sədlər çəkilir. Artıq emular kəndlərə hücum edə bilmirlər! Fermerlər taxılı yalnız "ənənəvi” düşmənlərdən qoruyub bazara çıxarırlar.
 
Avstraliya bu çətin məsələnin öhdəsindən gəlir, yalnız bu məsələ tarixə 2 məqamı ilə həkk olunur. Birincisi, ölkənin emularla müharibəni uduzması, ikincisi isə uğursuz əməliyyatları şərh edərkən müdafiə nazirinin "düşmən” haqqında sözləri: "Emular silah gəzdirə bilsəydilər, Dünyanın istənilən ordusu ilə döyüşə bilərdilər. Onlar hətta tanklarla da üz-üzə gələ bilirlər”.//Musavat.com
 
0