Ötən gün İsveçrənin Çinin Ukrayna ilə bağlı “sülh planını” dəstəklədiyi məlum olub. Lakin indi ölkənin rəsmi nümayəndələri bildirirlər ki, İsveçrə Ukraynada sülh yolu ilə nizamlanma prinsipləri ilə bağlı mövqeyini dəyişməyib.
HİT.az xəbər verir ki, bu barədə İsveçrənin Ukraynadakı səfiri Feliks Baumann “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Çin və Braziliyanın keçirdiyi görüşdən sonra İsveçrə heç bir kommünikeyə qoşulmayıb və imza atmayıb.
"İkincisi, biz görüşdə idik, lakin müşahidəçi qismində. Və üçüncü vacib məqam: İsveçrə öz mövqeyini dəyişməyib", deyə Baumann bildirib.
Diplomat vurğulayıb ki, İsveçrə Ukrayna ilə bağlı istənilən “sülh təşəbbüsü”nün beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, eləcə də Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam riayət etməli olduğu mövqeyinə sadiq qalmaqdadır. Eyni zamanda, İsveçrə hesab edir ki, böyük iztirablara və tələfatlara səbəb olan müharibə zamanı sülhdən danışmaq vacibdir.
"Məhz bu mövqeyə uyğun olaraq İsveçrə Xarici İşlər Nazirliyi Çin və Braziliya tərəflərinin təşəbbüsü ilə keçirilən görüşdə müşahidəçi qismində iştirak etmək qərarına gəlib", deyə səfir izah edib.
Sentyabrın sonunda İsveçrənin Xarici İşlər Federal Departamentinin mətbuat katibi Nikolas Bideau yerli mediaya məlumat verib ki, İsveçrə Çin və Braziliyanın münaqişənin həlli lə bağlı təşəbbüsünü dəstəkləyir.
Həmin gün Ukrayna Xarici İşlər Nazirliyi də bu açıqlamaya sərt reaksiya verib. Onlar İsveçrə tərəfinin “məntiqini başa düşmədiklərini” bildiriblər və Kiyevin Ukraynanın ərazi bütövlüyünün bərpasına zəmanət verməyən sülh təşəbbüslərini qəbul etmədiyini vurğulayıblar.
Samir