Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin gerçək vəziyyəti barədə son vaxtlar dostlar da, düşmənlər də müzakirələr açır. Dost ölkələr Azərbaycanın öz torpaqlarını azad etməsi yolunda maneə yaratmayan Rusiya ilə münasibətlərin gerçək durumuna təqdirlə yanaşır, düşmənlərimiz isə qıcıqlı şəkildə əlaqələrimizi pozmaqdan ötrü fürsət gəzirlər.
“Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda qəti və ardıcıl siyasət həyata keçirir”. Bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Moskvada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib (Report). Regionda sülhün bərqərar olması istiqamətində səylərə toxunan politoloq Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirib. “Mən Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən erməni xalqı ilə də münasibətlərdə formalaşdırdığı qəti və ardıcıl siyasətə çox nikbin baxıram. O, həmişə Azərbaycanın sülh istədiyini deyir”, - Şevçenko vurğulayıb. Ekspert Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də toxunaraq bildirib ki, Moskva regionun başqalarının oyun alətinə çevrilməsini istəmir: “Rusiyanın mövqeyi tamamilə dəqiq və aydın şəkildə ifadə olunub. Biz regionun Qərb satellitləri və agentlərinin oyun alətinə çevrilməsini istəmirik. İstəyirik ki, Cənubi Qafqaz dövlətləri və xalqları öz aralarında razılığa gəlsinlər, ortaq dil tapsınlar, mehriban qonşuluq münasibətləri qursunlar. Cənubi Qafqazın Qərb siyasətçilərinin müharibə və nifrəti alovlandırdıqları yer olmasını istəmirik”. Ortaya sual çıxır, Rusiya doğrudanmı Qərbdən fərqli olaraq, bölgədə qarışıqlıq, gərginlik yox, sülh, barışıq və əmin-amanlıq istəyir, Kreml ənənəvi Qafqaz siyasətini (“parçala, hökm sür”) dəyişir, yoxsa, sadəcə, başı Ukraynaya qarışdığı üçün bir müddət kənara çəkilib?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın regionla bağlı siyasətini dəyişəcəyinə çox çətinliklə inanmaq olar: “Sadəcə, hazırda həm Ukrayna məsələsi var, həm ABŞ başda olmaqla, Qərb çox cidd-cəhdlə regiona daxil olmaq istəyir. Ona görə də Rusiya öz siyasətinə müəyyən düzəlişlər etməli olub. Düzəliş də ondan ibarətdir ki, Rusiya indiyədək hərb gücünü göstərməklə diktə yolu ilə gedib. Bu və ya digər regionda, o cümlədən Cənubi Qafqazda möhkəmlənməyə çalışıb. Amma belə görünür ki, Rusiya artıq reallığı düzgün hesablayır. Gürcüstanla bağlı da problemlər yaranmışdı, göründüyü kimi, bu ölkəyə münasibətdə də müəyyən güzəştlərə gedir. Belə görünür ki, orda bir konfederasiya yaratmaq variantı üzərində işləyirlər. Yəni Rusiya regiona, Gürcüstana yenidən qayıtmaq üçün bu cür güzəştə gedir”. A.Nağı Rusiyanın Azərbaycana da isti münasibətindən bəhs etdi: “Rusiya nəzərə alır ki, kobud siyasətlə regionda möhkəmlənmək mümkün deyil. Eyni zamanda Azərbaycanın və Türkiyənin regiondakı gücü ilə hesablaşmalı olurlar. Hələlik Rusiya bu mənada Qərbdən bir qədər irəlidədir. Qərb Azərbaycanın gücü ilə, lider rolu ilə hesablaşmaq istəmir, hətta müxtəlif formalarda ölkəmizə qarşı təzyiqlərə əl atır. Rusiyalı ekspertlərin açıqlamaları bir tərəfdən həm onların şəxsi mövqeyi ola bilər, həm də heç şübhəsiz ki, dövlətin rəsmi mövqeyi ilə də uzlaşdırılır. Dövlət siyasətini başa düşür və ona uyğun açıqlamalar verməyə çalışırlar. Azərbaycan bu məqamları nəzərə almalıdır, amma heç bir halda Rusiyanın Azərbaycanın maraqlarına cavab verməyən istəklərinin və planlarının həyata keçməsinə yol verməməliyik”. Partiya sədri hesab edir ki, xüsusilə də Xankəndidə və ya başqa bir yerdə Rusiyanın konsulluq açmaq niyyəti var, bu, Azərbaycanın maraqlarına qətiyyən cavab vermir: “Bu gün Azərbaycanın Qərblə müqayisədə Rusiya ilə daha isti münasibəti var. Rusiya rəhbərliyi tərəfindən də bu münasibətlər hiss olunur. O cümlədən Ermənistanla münasibətlərdən fərqli münasibət göstərilir Azərbaycana. Amma biz bununla özümüzü aldatmamalıyıq. Rusiyanın siyasəti heç vaxt dəyişən deyil və Rusiyanı heç kəs bizə mövqeyini dəyişmiş bir dövlət kimi təqdim edə bilməz. Sadəcə olaraq qarşılıqlı maraqlar mövqeyindən çıxış etməliyik. Heç bir halda nəinki Xankəndidə, heç Gəncədə də Rusiyanın konsulluğunu açmağa ehtiyac yoxdur. Heç məntiq də yoxdur. Rus vətəndaşlar demək olar ki, Bakı və Bakı ətrafındakı ərazilərdə yaşayır. Bakıda da səfirlik var, həmçinin səfirliyin konsulluq şöbəsi fəaliyyət göstərir. Bakıdakı səfirlik vasitəsilə etnik ruslar müəyyən istəklərini yerinə yetirə bilərlər. Bu mənada onlar üçün xüsusi konsulluq açmağa ehtiyac yoxdur. Xüsusilə də Xankəndidə, Qarabağda heç ehtiyac yoxdur. Azərbaycan bu məsələnin üzərində ciddi şəkildə dayanmalıdır. Çünki müəyyən dövlətlər öz siyasətlərini həyata keçirmək üçün diplomatik kanallardan istifadə edirlər, bu və ya digər ölkədə səfirlikdən, yaxud konsulluqdan xüsusi xidmət orqanlarının, hərbi qüvvələrin mövcudlu üçün istifadə edir. Məsələn, ABŞ-nin Ermənstandakı səfirliyindən bu məqsədlər üçün istifadə olunur. Rusiya Xankəndidə konsulluq açacaqsa, buranı xüsusi xidmət əməkdaşlarının cəmləşdiyi məkana çevirəcəklər. Ona görə də Azərbaycan bu məsələnin üzərində prinsipial mövqedə dayanmalıdır və imkan verməməlidir. Rusiya Azərbaycanın lider rolunu qəbul edir. Amma biz öz maraqlarımızdan heç bir halda geri çəkilməməliyik”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılovun məsələyə münasibəti aşağıdakı kimidir: “Əvvəlcə, nəzərə almalıyıq ki, Maksim Şevçenko da daxil olmaqla, Rusiyada obyektivliyini itirməyən obyektiv, yaxşı ekspertlər var. Onlar bölgəni yaxşı dəyərləndirir və regionu təhlil etmək bacarıqları yüksəkdir. Rusiya son dövrlərdə Cənubi Qafqaza yanaşmada siyasətində təbii ki korrektələr edir. Moskva anlayır ki, bu gün geopolitik güc olan, daim yüksələn Azərbaycanı incitmək olmaz. Eyni zamanda Ukrayna müharibəsi davam edir və Rusiya görür ki, sorosçular Ermənistanda Qərbin əliylə Rusiya dayaqlarını sarsıtmağa çalışır. Ukrayna müharibəsi davam edə-edə Rusiya dünyadakı siyasi proseslərlə bağlı ambisiyalarından geri çəkilmir. Eyni zamanda Rusiya həm də anlayır ki, bu gün Ermənistan hakimiyyətindən nə qədər narazı olsalar da, Ermənistanın hələ də Rusiyadan əzici asılılığı var. Yəni Rusiya Azərbaycana etibarlı, güvənilən bir qonşu kimi yanaşır, Ermənistana isə hələ də güclü təsir imkanlarına malik olduğunu dərk edir”. T.İsmayılovun fikrincə, o baxımdan da Rusiyanın hansısa “geri çəkilməsindən” söhbət gedə bilməz: “Sadəcə Cənubi Qafqazda özəlliklə Ermənistanı daim nəzarətdə saxlamağa çalışır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın Cənubi Qafqaz siyasətini dəyişdiyini zənn etmir: “Kreml ənənəvi siyasətini həyata keçirir. Sadəcə Azərbaycanla yaxınlaşma ona görə baş verir ki, ABŞ, Fransa kimi dövlətlərin həm Rusiyaya qarşı sanksiyaları var, həm də Azərbaycanla münasibətləri korlayıblar. Bu mənada bəli, Azərbaycan-Rusiya yaxınlaşmasını sezmək olar. Üstəgəl, işğal dövründə bizim Rusiya ilə münasibətlərdə ciddi suallar var idi. Müharibə dövründə də, hətta müharibə dövründə, rus hərbçiləri bizim bölgədə - Qarabağda yerləşdiriləndən sonra da təxribatlarla məşğul olurdu. Amma son bir ildə, yəni Azərbaycan antiterror əməliyyatını keçirəndən sonra, üstəlik, rus hərbçiləri bölgəni vaxtından əvvəl tərk edəndən sonra münasibətlərdə sanki bir qədər istiləşmə qeydə alınır”. E.Şahinoğlu qeyd etdi ki, əslində Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyil, sualların olmasını da istəmir: “Rusiya böyük dövlətdir, qonşumuzdur, normal münasibətlər, tərəfdaşlıq, ticarət dövriyyəsinin artırılmasını istəyir. Amma ticarət mübadiləsindən danışmışkən, bir şübhəli məsələ də odur ki, Azərbaycanı strateji tərəfdaş adlandırır, amma xoşlarının gəlmədiyini dedikləri Ermənistanla ticarət dövriyəsinin həcmi Azərbaycanla ticarət dövriyyəsindən ən azı dörd dəfə çoxdur. Bunu Putin də rəqəmlərlə səsləndirdi. Prezident İlham Əliyevlə görüşdə ticarət dövriyyəsinin 4,3 milyard dollar olduğunu dedi. Paşinyanla görüşdə isə ağızdolusu danışdı ki, yaxın müddətdə artıq ticarət mübadiləsini 14-16 milyard dollara çatdıracaqlar. Burada sual yalanır ki, kiçik Ermənistanla hansı ticarət aparılır və ticarət dövriyyəsinin həcmi bu qədər artır?” Politoloq qeyd etdi ki, bütün hallarda biz gərək Rusiya ilə münasibətlərdə ehtiyatı əldən verməyək: “Rusiya qonşu ölkələrin daxili işlərinə qarışmağı xoşlayır. Yenə də əmrlər verməyə çalışırlar ki, qonşu ölkələr Qərbə yaxınlaşmasın, əməkdaşlıq etməsin, NATO-nu bölgəyə buraxmasın. Azərbaycanın özünün müstəqil xarici siyasəti var. Baxmayaraq ki, Qərb ölkələri ilə münasibətlərdə müəyyən problemlərimiz var. Amma Qərb ölkələri arasında bizim dostlarımız, tərəfdaşlarımız da çoxdur. Böyük Britaniya, Polşa, İtaliya, Baltik ölkələrinin bir qismi var. Bu ölkələrin Azərbaycanla çox sıx əlaqələri mövcuddur və bu əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar”.