Qarşıdakı aylarda Üçüncü Dünya müharibəsi başlayacaq? - ŞƏRH

DÜNYA
09:59 / 14.10.2024
274

ABŞ prezidentliyinə namizəd Donald Tramp son açıqlaması ilə yenidən dünya gündəmini zəbt edib. 

O, ABŞ hökumətinin ehtiyatsız siyasətinə görə qarşıdakı 3-4 ay ərzində Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini deyib. Tramp hesab edir ki, bu risk çox yüksəkdir.

Bəs həqiqətən belə bir ehtimal ola bilərmi? Dünyada son baş verən proseslər Üçüncü Dünya müharibəsinə doğru getdiyimizi göstərir?

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib ki, Donald Tramp tez-tez diqqəti cəlb etmək və ictimai rəyə təsir etmək məqsədi daşıyan güclü ritorikası ilə tanınan siyasətçidir:

360073

"Onun Üçüncü Dünya müharibəsi riski ilə bağlı sözləri Co Bayden administrasiyasının xarici siyasətini tənqid etmək məqsədi daşıyır. Bu, həm də mövcud geosiyasi vəziyyətin şişirdilməsi ola bilər. Məncə, Tramp qlobal konflikt riskini vurğulamaqla özünü prezidentliyə qalib gələcəyi təqdirdə, beynəlxalq münasibətlərə fərqli yanaşacaq lider kimi göstərməyə cəhd edir".

Politoloq qeyd edib ki, Tramp əslində dünyada yaşanan son siyasi prosesləri, Rusiya-Ukrayna müharibəsini və Yaxın Şərqdəki savaşı işarə edir:

"O, bundan əvvəl də hakimiyyətə gələcəyi halda Rusiya-Ukrayna müharibəsini dayandırmaq gücünə malik olduğunu iddia edib. Ümumiyyətlə, Trampın sözləri nəzəri cəhətdən mümkün ola bilər, amma praktiki olaraq reallaşması asan deyil. Ona görə də düşünürəm ki, Donald Trampın bu sözlərilə yenə seçki qabağı xal qazanmağa çalışır". 

Rüstəm Tağızadə hesab edir ki, qarşıdakı aylarda Üçüncü Dünya müharibəsinin başlama ehtimalı azdır:

"Əslində, Tramp qlobal gərginliyin artması ilə bağlı həqiqi narahatlıqları vurğulayır. Lakin hazırkı geosiyasi dinamikaya əsasən, yaxın aylarda Üçüncü Dünya müharibəsinin baş vermə ehtimalı aşağıdır. Hal-hazırda dünyada gedən müharibələr sadəcə hibrid xarakter daşıyır. 

Dünya müharibəsinin başlaması üçün isə daha çox ölkələrin cəlb olunması lazımdır. Buna baxmayaraq, Üçüncü Dünya müharibəsinin başlamasında maraqlı olan qüvvələrin mövcudluğu bu ideyaların ortaya çıxmasına səbəb olur. 

Əlbəttə ki, riskləri nəzərdən qaçırmaq və onları qaçılmaz qlobal müharibə səviyyəsinə çatdırmaq olmaz. Hesab edirəm ki, yeni dünya müharibəsinin olmaması üçün bütün dövlətlər öz gücünü ortaya qoymalıdır". 

Pərviz

0