Şimali Koreyada 1 həftə ərzində 1,4 milyon nəfərin orduda xidmət etmək üçün müraciət etdiyi bildirilir. Bunun Cənubi Koreya ilə olan gərginlik fonunda baş verdiyi qeyd olunur.
Maraqlıdır, Şimali Koreya ilə Cənubi Koreya arasında tezliklə müharibə olma riski var?
Bu barədə politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, Şimali Koreya ilə Cənubi Koreya arasında son günlər gərginlik hiss edilir:
"Bunun daha çox rəsmi Pxenyan ilə bağlı olduğunu düşünürəm. Son 1 həftə ərzində 1,4 milyon nəfərin orduda xidmət etmək üçün müraciət etməsi də təsadüfi deyil. Çünki bunda təəccüblü heç nə yoxdur.
Onsuz da Şimali Koreya militarist bir cəmiyyətdir. Yəni cinsindən asılı olmayaraq bütün əhali uzun illər hərbi xidmət keçir. Üstəlik, orada hər kəs ömrünü hər an müharibəyə hazır bir hərbçi kimi yaşayır. Lakin diqqətçəkən detal bu addımın indiki məqamda atılmasıdır".
Ekspert qeyd edib ki, İsrail "Hizbullah" və İsrail-İran qarşıdurması fonunda Rusiya da Kursk istiqamətində əməliyyatlar aparır:
"Yəni rəsmi Moskva bir növ ABŞ və Qərbin başının cənubda qarışmasından istifadə edərək şimalda aktivləşir. Eyni zamanda, Çinin Tayvan ətrafında təlimlər keçməsi Şimali Koreyanı Cənubi Koreyaya qarşı aktivləşir. Bütün bunlar onu deməyə əsas verir ki, proseslər Moskvanın koordinasiyası ilə baş tutur.
Nəzərə almaq lazımdır ki, Şimali Koreya bir çox baxımdan Rusiyadan asılıdır. Yəni Kremldən gələn təlimatları icra edirlər. Üstəlik, Pxenyan və Moskvanın rəqibləri də ortaqdır. Ona görə də iki ölkənin vahid plan üzrə hərkət etməsi başadüşüləndir".
Politoloq Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə ehtimalı barədə də danışıb:
"Şimali Koreya ilə Cənubi Koreya arasında müharibənin baş vermə riski hər zaman var. Lakin bunun yaxın zamanda baş tutma ehtimalı azdır. Çünki Şimali Koreya totalitar bir rejim ilə idarə edilir. Belə ölkələrdə rejim xalqı müharibə və düşmən işğalı kimi təhdidlər ilə qorxudur. Bu isə vətəndaşların milli vətənpərvərlik duyğularını yüksək tutur.
Rejim həm də özünü xalqın qoruyucusu kimi təqdim edir. Sanki xalq rejim olmadan ayaqda qala bilməz. Lakin rejim qurduğu vəziyyətin pozulmasını da istəmir. Yəni ona düşmən obrazı lazım olsa da, müharibə lazım deyil".
Turan Rzayevin sözlərinə görə, iki ölkə arasında müharibə olsa, Cənubi Koreyanın qalib gəlmə ehtimalı yüksəkdir:
"Şimali Koreyada Kim Çen İn rejimi yaxşı bilir ki, xalqın ilk ciddi məğlubiyyətdə tutduğu silahı ona qarşı çevirmə ehtimalı var. Yəni belə bir müharibə şimalın rejimdən xilası ilə nəticələ bilər. Lakin belə bir müharibənin dağıdıcı olacağınıda proqnozlaşdırmaq olar. Bunu xüsusi ilə də Cənubi Koreyaya aid edə bilərik.
Amma ABŞ bunun olmasına icazə verməz. Hesab edirəm ki, Kim Çen İn əsrimizin Hitleridir. Yəni o rejimini qorumaq üçün yeri gəlsə və küncə sıxışsa, Vaşiqntona belə nüvə silahı ata bilər".
Pərviz