"Rusiya-Ukrayna müharibəsinin nə zaman başa çatacağını proqnozlaşdırmaq çətindir. Bu, daha çox Qərbin Ukraynaya nə vaxta qədər yardımına davam edəcəyindən asılı olacaq".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O hesab edir ki, Rusiya-Ukrayna müharibəsi başda ABŞ olmaqla, Qərbin istədiyi vaxta qədər davam edəcək:
"Bu gün Ukraynaya lazımi qədər dəstək verməyən və ya bu dəstəyin verilməsində gecikmələr edən Qərb Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam etməsində maraqlıdır.
Çünki müharibənin davam etməsi Rusiyanın istər iqtisadi, istərsə də silah və texnika cəhətdən tükənməsinə səbəb olur. ABŞ və digər Qərb dövlətlərinin də qarşılarına qoyduqları hədəf elə məhz bundan ibarətdir".
Ekspert qeyd edib ki, Qərb Rusiyanı uzunmüddətli müharibədə saxlamaq və zəiflətmək istəyirdi:
"Qərb kifayət qədər yaxşı başa düşür ki, müharibəbin hər hansı formada dayandırılması faktiki olaraq Rusiyanın mövqelərinin daha da möhkəmlənməsinə xidmət edər. Hazırda üstün mövqedə olduqları üçün indi müharibənin dayanması ilə bağlı danışıqlar masasına oturmaq Kremlə sərf edir. Qərb də bu səbəbdən tərəflər arasında atəşkəsin əldə olunması və danışıqların aparılması ilə bağlı konkret addımlar atmaq istəmir".
Politoloqun sözlərinə görə, Ukrayna da, Rusiya da müharibədən kifayət qədər yorulub:
"Hər iki ölkənin də iqtisadi resursları tükənib, çox sayda canlı qüvvə itkisi ilə üzləşib. Ona görə də gec-tez masa arxasında oturaraq danışıqlara başlama ehtimalları realdır. Lakin indiki halda bunu proqnozlaşdırmaq olduqca çətindir.
Nəzərə almaq lazımdır ki, NATO-nun genişlənməsi və Rusiya iqtisadi cəhətdən zəiflədilməsi məsələsi öz həllini tapıb. Lakin görünür bütün bunlar Qərb üçün kifayət etmədiyi üçün müharibəni davam etdirirlər. Müharibənin nə zaman bitəcəyi birbaşa olaraq Qərbdən və onların Ukraynaya verəcəkləri dəstəkdən asılı olacaq".
Pərviz