ABŞ prezidenti Co Bayden Ukrayna BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olana qədər ona dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
HİT.az xəbər verir ki, bunu Amerika lideri cümə günü Almaniya Federativ Respublikası Prezidentinin Berlindəki iqamətgahında Almaniyanın ən yüksək fəxri adı - "Böyük Xaç" ordeni ilə təltif olunma mərasimi zamanı deyib.
“Bizi çox çətin qış gözləyir, amma dayana bilmərik. Biz dəstəyi davam etdirməliyik. Fikrimcə, biz Ukrayna BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olana qədər davam etməliyik. İnsan ləyaqəti yenidən hökmranlıq edənə qədər”, deyə Bayden bildirib.
Amerika lideri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə birgə müqavimət göstərməyin vacibliyini vurğulayıb.
"Vahid və azad Avropa arzusu zəmanəmizin vəzifəsi olaraq qalır. Və bu vəzifə Putinin Ukraynaya qarşı amansız hücumuna müqavimət göstərmək zərurətinə görə daha da aktuallaşır”, deyə o bildirib.
Bayden Almaniyanın rəhbərliyinə Ukraynanın qələbəsinin təmin edilməsinə yönəlmiş səylərə görə təşəkkür edib.
“Almaniya liderlərinin tarixi dönüş nöqtəsini – başqa bir demokratiyaya, eləcə də 75 il ərzində Avropada sülh və təhlükəsizliyi dəstəkləyən prinsiplərə hücumu tanımaq müdrikliyi var idi. Almaniya və ABŞ azadlıq, demokratiya və öz sağ qalmaları uğrunda mübarizəsində cəsur Ukrayna xalqını dəstəkləyərək bir yerdə dayandılar. Və mən Ukraynanın qalib gəlməsi və Putinin məğlub olması, NATO-nun həmişəkindən daha güclü və birləşmiş qalması üçün yorulmadan çalışan Almaniya hökumətinin hər bir liderinə təşəkkür etmək istəyirəm”, deyə ABŞ prezidenti bildirib.
Samir