Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının 13 ölkəsinin Avropa məsələləri üzrə nazirlərinin birgə bəyanatını qarşıdan gələn parlament seçkilərinə müdaxilə adlandırıb və İttifaqın digər üzvlərinə bu mətni dəstəkləmədiklərinə görə təşəkkür edib.
HİT.az xəbər verir ki, Aİ-nin 13 ölkəsinin nazirlərinin bəyanatına görə, hakimiyyət kursunu dəyişməsə, Gürcüstan Avropa İttifaqına üzv ola bilməyəcək. Onlar ölkənin avrointeqrasiyasının dayandırılmasının səbəbini ölkədəki etirazlara və tərəfdaşların tənqidinə baxmayaraq, "xarici agentlər haqqında" qanunun qəbul edilməsini adlandırıblar. Onlar həmçinin qeyd ediblər ki, bəzi gürcü siyasətçiləri Aİ və Aİ-yə üzv ölkələrin nümayəndələrinə böhtan atırlar və onları təhqir edirlər.
"Öz rolunu məsuliyyətlə oynayan və bu bəyanata qoşulmayan 14 Aİ ölkəsinə təşəkkür edirik. Seçicilərin iradəsinin formalaşmasına təsir etməklə Gürcüstanda seçkilərə müdaxilə təşkil edən mətnin Aİ üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənməməsi vacibdir", deyə Papuaşvili sosial şəbəkələrdə yazıb.
Müqayisə üçün o, oktyabrın 20-də Moldovada keçirilmiş prezident seçkilərini və Aİ-nin fikrincə, Rusiyanın görünməmiş təzyiq və hədə-qorxuları şəraitində baş tutan Aİ-yə daxil olmaq üçün konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendumu misal çəkib.
"Moldovada bəyənmədiyiniz şeyi Gürcüstanda edə bilməzsiniz", deyə Papuaşvili yazıb.
Samir