Belarus Prezidenti Aleksandr Lukaşenko sürpriz qərar verib.
O, prezidentliyə namizəd olmayacağı fikrindən vaz keçib. Lukaşenko ardıcıl 6-cı dəfə Belarus dövlət başçısı olmaq istəyir. O, özü bu barədə açıqlama verərək, 2025-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək istədiyini deyib.
Maraq üçün xatırladaq ki, Aleksandr Lukaşenko 2020-ci ildəki Konstitusiya dəyişikliyindən sonra bir daha prezidentliyə namizəd olmayacağını demişdi.
Bəs Lukaşenko nə üçün geri addım atdı? O, niyə yenidən prezidentliyə namizəd olmaq istəyir?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. Onun fikrincə, hakimiyyətdə qalmaq Lukaşenkonun öz qərarı deyil:
"Nəzərə almaq lazımdır ki, Belarus Rusiyanın forpostuna çevrilib. Yəni prezident seçkilərində yenidən iştirak etmək qərarı tamamilə Aleksandr Lukaşenkoya aid deyil. Böyük ehtimalla, bu qərarı da məhz Rusiya Prezidenti Vladimir Putin verib. Başqa vaxt olsaydı, Lukaşenkonun iqtidarını qorumaq üçün belə bir addım atdığını demək olardı. Lakin o, mövcud şəraitdə də hakimiyyətdən getməkdə maraqlıdır".
Politoloq hesab edir ki, Lukaşenkonun artıq iqtidarda qalmaqdan gözləntisi yoxdur:
"Buna baxmayaraq, Putin onun hakimiyyətdə qalmasında maraqlıdır. Nəzərə almaq lazımdır ki, Aleksandr Lukaşenko hakimiyyətdən getdikdən sonra Belarusda vəziyyət dəyişə bilər. Ona görə də Lukaşenko özü istəməsə belə hakimiyyətdə qalacaq. Çünki onun Belarus Prezidenti olması Rusiyanın maraqlarına uyğundur. Yəni Kreml Belarusu nəzarətdən kənar qoymaq istəmir".
Pərviz