Şimali Koreya: "Biz cavab nüvə zərbəsinə hazırlaşmalıyıq"

DÜNYA
15:35 / 01.11.2024
135

Mövcud beynəlxalq siyasi vəziyyət və təhdidlər Şimali Koreyadan “nüvə cavab zərbəsi”nə hazırlaşmağı tələb edir. 

HİT.az xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Çoi Sonq Hui Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

“Mövcud mühit, eləcə də gələcək təhdidlər və çağırışlar bizdən müasir strateji nüvə silahlarımızı, hücum xarakterli nüvə silahlarımızı gücləndirməyi və nüvə cavab hazırlığımızı yaxşılaşdırmağı həmişəkindən daha çox tələb edir”, deyə nazir vurğulayıb.

Bundan əvvəl Çoi Sonq Hui bəyan etmişdi ki, Şimali Koreya Rusiya ordusuna və rus xalqına “müqəddəs müharibədə” kömək edəcək. XİN rəhbərinin sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının ilk günlərindən Kim Çen In “müqəddəs müharibədə Rusiya ordusuna və rus xalqına güclü dəstək və köməklik göstərmək barədə göstəriş verib".

İyun ayında prezident Vladimir Putin Şimali Koreyaya səfər edib və ölkələr arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayıb. Bu müqavilə oktyabrın 24-də Dövlət Duması tərəfindən ratifikasiya edilib və ticarət, iqtisadiyyat, investisiya, elm və texnologiya, o cümlədən kosmik tədqiqatlar və dinc nüvə enerjisi kimi müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı 23 maddədən ibarətdir.

Samir

0