Medvedevin Trampla bağlı şok açıqlaması nəyə hesablanıb? - ŞƏRH

DÜNYA
10:23 / 04.11.2024
269

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə ABŞ-də keçiriləcək prezident seçkiləri barədə danışıb. 

Medvedev hesab edir ki, Donald Tramp ABŞ Prezident seçiləcəyi təqdirdə, Ukraynadakı müharibəni dayandıra bilməyəcək:

“O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Əgər Tramp həqiqətən də buna cəhd etsə, o zaman yeni Con Kennedi ola bilər". 

Qeyd edək ki, ABŞ-nin 35-ci Prezidenti Con Kennedi 1963-cü ildə sui-qəsd nəticəsində öldürülüb. Yəni Dmitri Medvedevin bu çıxışı olduqca diqqət çəkib. Çünki Donald Tramp namizədliyi dövründə bir neçə dəfə sui-qəsd cəhdi ilə üzləşib. 

Bəs bu bəyanatın arxasında nə dayanır? 

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a şərhində bildirib ki, Dmitri Medvedevin açıqlamaları, xüsusilə ABŞ və Qərbin siyasətinə dair kəskin və bəzən provokativ tərzdə çıxışlar etməsi ilə tanınır:

361469

"Bu bəyanatın da arxasında iki əsas məqam nəzərə çarpır. Birincisi, Ukrayna müharibəsinin çox mürəkkəb və beynəlxalq faktorlarla əlaqəlidir. İkincisi isə Trampın və ya hər hansı liderin Qərbin genişmiqyaslı hərbi-siyasi strategiyasına nə dərəcədə təsir edə biləcəyidir.

Medvedevin dediklərindəki “Con Kennedi” istinadı isə potensial olaraq ABŞ siyasətindəki təhlükələrə və daxili güc mübarizələrinə dair mesaj kimi başa düşülə bilər. Medvedevin bu bəyanatını analitik olaraq qiymətləndirdikdə, həm ABŞ-ın daxilindəki siyasi qütbləşmə, həm də hərbi-sənaye kompleksinin və nüfuzlu maraqların gücü nəzərə alınmaldır". 

Onun sözlərinə görə, ABŞ-də Respublikaçıların hakimiyyətə gəlməsi Rusiya Prezidenti Vladimir Putinin maraqlarına uyğundur:

"Rusiya tərəfindən son zamanlar qeyri ciddi bəyanatlar da verilir. Düzdür, Trampa qarşı sui-qəsd oldu. Ancaq bunun yenə də olacağını demək indiki halda qeyri-mümkündür".

Rüstəm Tağızadə onu da əlavə edib ki, müharibənin bitməsi üçün əslində münbit mühit yaratmaq olar:

"Bu mühiti isə ən çox Rusiya yaratmalıdır. İlk növbədə sülh paketi hazırlamaq və işğal olunan ərazilərdən çəkilmək lazımdır. 5 noyabrda ABŞ-də keçiriləcək Prezident seçkilərinin nəticələri ümumi olaraq dünya siyasətində yeni reallıqlar yarada bilər. Lakin əsas məsələ seçkilərdən sonra Rusiyanın necə addım atacağıdır".

Pərviz

0