Tuskun partiyası noyabrın 22-də prezidentliyə namizədini seçəcək

DÜNYA
18:42 / 15.11.2024
30

Polşanın ən böyük hökumətyönlü siyasi qüvvəsi - baş nazir Donald Tuskun Vətəndaş Koalisiyası (KO) noyabrın 22-də keçiriləcək praymeriz zamanı Polşa prezidentliyinə öz namizədini seçəcək.

HİT.az xəbər verir ki, bu barədə partiya səsverməsinin təşkili komissiyasının rəhbəri, Polşa Respublikası Seyminin marşal müavini Dorota Nedzela məlumat verib.

Onun sözlərinə görə, namizədə səsvermə noyabrın 22-də kənar müdaxilələrdən qorunmaqla SMS səsvermə yolu ilə keçiriləcək.

“Namizədlərə nömrələr verilib, bu gün lotereya keçirdik. 1 nömrə - Rafal Tşaskovski, 2 nömrə - Radoslav Sikorskidir. Sadəcə olaraq 1 və ya 2 nömrəli SMS mesajı göndərmək lazımdır”, deyə siyasətçi izah edib.

SMS səsverməsi 22 noyabr günü ərzində davam edəcək. O qeyd edib ki, hazırda səsvermədə iştirak edə biləcək partiya üzvlərinin sayı dəqiqləşdirilir.

Qeyd edək ki, prezident seçkilərində Vətəndaş Koalisiyasından namizədlik uğrunda mübarizə Varşava meri Rafal Tşaskovski ilə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski arasında gedəcək. Rəy sorğuları Tşaskovskiyə partiyanın səsverməsində daha çox üstünlük verir. Bu günə olan məlumata görə, Varşava merinin də təxminən 2025-ci ilin may-iyun aylarında Polşada keçirilməli olan prezident seçkilərində qalib gəlmək üçün ən yaxşı şansı var.

2020-ci ildə keçirilən əvvəlki prezident seçkilərində Tşaskovski Polşanın hazırkı prezidenti Anjey Dudaya az fərqlə (2%) uduzmuşdu.

Samir
 

0