Avropa İttifaqı Gürcüstan hökumətinə maliyyə yardımını dayandırır və onun üçün nəzərdə tutulan 100 milyon avronu vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklənməsinə yönəldə bilər.
HİT.az xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ Nazirlər Şurasının iclası başlamazdan əvvəl deyib.
“Bu gün hamı konkret qərarlar qəbul etmək üçün Gürcüstandakı vəziyyəti müzakirə edəcək. Mən hökumətə aid olan (dəstəklənən) proqramların mühüm hissəsinin dayandırılmasını təklif etdim. 100 milyon avrodan çox vəsait dondurulacaq və hakimiyyətə təslim edilmək əvəzinə, ədalətli seçkilər uğrunda mübarizədə onlara dəstək olmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləməyə yönəldiləcək. Gürcüstan xalqı Avropa İttifaqından kömək almağa davam edəcək”, deyə Borrell vurğulayıb.
O, həmçinin Gürcüstanda parlament seçkilərində baş verən pozuntuların araşdırılmasının vacibliyini bəyan edib.
"Araşdırma aparılmalıdır. Baş verənləri təqdir etmək lazımdır. Deyə bilməzsiniz ki, seçki azad və ədalətli olmadı. İnsanların şikayətləri ilə bağlı hər şeyə aydınlıq gətirilməsi üçün əvvəldən səlahiyyətli şəxslərdən xahiş etdik. Aydındır ki, həm araşdırma, həm də məsuliyyət olmalıdır", deyə Aİ-nin yüksək nümayəndəsi bildirib.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Beynəlxalq müşahidəçilər təzyiq və hədə-qorxu barədə məlumat veriblər. Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib. Gürcüstanda səsvermənin nəticələrini tanımayan müxalifət partiyaları təkrar seçkilərin “beynəlxalq administrasiya” tərəfindən təşkil edilməsini tələb edir.
ABŞ prezidenti Co Bayden Gürcüstan hakimiyyətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran qanunları, o cümlədən Xarici Təsir Aktı”nı ləğv etməyə və seçkilərin bütövlüyünü bərpa etmək üçün Gürcüstandakı bütün siyasi qüvvələrlə dərhal inklüziv dialoqa başlamağa çağırıb.
Samir