"Ukrayna Konstitusiyası və qanunları müharibə zamanı seçkilərin keçirilməsini nəzərdə tutmur. Ukraynaya ilk növbədə ədalətli sülh lazımdır, ondan sonra ukraynalılar ədalətli seçkilər keçirəcək".
HİT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada Ukraynanın Daxili Sabitlik Planının təqdimatı zamanı deyib.
"Biz hamımız bilirik ki, Ukrayna Konstitusiyası və qanunları müharibə şəraitində seçkilərin keçirilməsinə icazə vermir və bunu dünyada heç kim Ukraynadan tələb etməyib və tələb etmir. Amma bizim Ukraynada bəzi adamlarımız var ki, buna o qədər “acdırlar” ki, dövlətimizdən çox dövlətimizin daxilində döyüşmək istəyirlər. Onlar kinostudiyalardakı kimi səngərlərdə siyasi arqumentlər istəyirlər. Bu, Ukrayna üçün zərərlidir. Ukraynaya ilk növbədə ədalətli sülh lazımdır, ondan sonra ukraynalılar ədalətli seçkilər keçirəcək. Ümumi mənafeyi istənilən şəxsi istəklərdən üstün tutmağı bacarmaq lazımdır”, deyə dövlət başçısı vurğulayıb.
Prezident daha əvvəl bəyan etmişdi ki, Qələbə planı ilə yanaşı, Ukraynanın daxili sabitliyini təmin edəcək bütün lazımi addımları işləyib hazırlamaq lazımdır. Bu, cəbhəyə, müdafiə sənayesinə, iqtisadiyyat və maliyyəyə, informasiya sahəsinə, ədalətin təmin edilməsinə, regional işlərə və digər strateji sahələrə aiddir.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, prezident seçkiləri müharibə başa çatdıqdan dərhal sonra keçiriləcək. Ali Radanın sədri Ruslan Stefançuk bəyan edib ki, Ukraynada növbəti prezident seçkiləri hərbi vəziyyətin ləğvindən sonra 60 gün ərzində baş tutacaq.
Konstitusiyaya görə, Ukraynada növbəti prezident seçkiləri 2024-cü il martın 31-də keçirilməli idi. Eyni zamanda, Ukrayna qanunvericiliyi hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan edir.
Samir