Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ Maliyyə Nazirliyinin "Qazprombank"a qarşı son sanksiyalarını tənqid edib.
HİT.az xəbər verir ki, o, Rusiya bankının qara siyahıya salınmasını bir sıra Avropa ölkələrini çətin vəziyyətə salmaq üçün düşünülmüş cəhd adlandırıb. 2022-ci ilin yazından dost olmayan ölkələrlə qaz üçün rubl ödənişləri "Qazprombank" vasitəsilə həyata keçirilir.
“Bizim hüquqşünaslarımız Amerikanın sanksiya tədbirinin nəticələrini öyrənirlər və lazım gələrsə, təbii qazın nəqli ilə bağlı Rusiya şirkətinə məsləhət verəcəyik. Biz gələcəkdə hər hansı kənar təzyiqdən və ya müdaxilə cəhdlərindən asılı olmayaraq ölkəmizin enerji təchizatını təmin edəcəyik”, deyə Siyarto "Facebook"da yazıb.
ABŞ sanksiyaları faktiki olaraq "Qazprombank"ı ABŞ bank sistemindən kənarlaşdırır, onun amerikalılarla ticarətini qadağan edir və ABŞ aktivlərini dondurur. Kreml banka qarşı sanksiyaları Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası qazın ödənişi ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün bir yol tapacaq.
Samir