Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun bildirib ki, Rusiyada yerləşdirilən Şimali Koreya ordusu böyük ehtimalla cəbhənin təhlükəli bölgələrində top yemi kimi istifadə olunacaq.
HİT.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, o, bunu parlamentin müdafiə komitəsinin iclası zamanı deyib.
“Qeyd etmək lazımdır ki, müharibəni Rusiya aparır, Rusiya silahlı qüvvələrinin bölmələrinin rəhbərlərinin mövqeyinə əsasən, onlar çox güman Şimali Koreya taqımlarını ən təhlükəli və çətin bölgələrə göndərəcəklər”, deyə nazir bildirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri "top yemi" ifadəsinin vəziyyəti çox yaxşı izah etdiyini vurğulayıb.
Ukrayna rəsmiləri daha əvvəl bildiriblər ki, Rusiyada yerləşdirilən Şimali Koreya əsgərləri etnik azlıqlardan ibarət Rusiya hərbi birləşmələrinə inteqrasiya edilib və ya yerli xalq kimi maskalanıb.
Cənubi Koreyanın müdafiə departamentinin rəhbəri də Seulun Ukraynaya hərbi monitorinq qrupu göndərməli olduğu mövqeyini təsdiqləyib. Eyni zamanda o, Müdafiə Nazirliyinin bununla bağlı danışıqlarda iştirak etmədiyini bildirərək, müzakirənin hökumət səviyyəsində aparıldığına eyham vurub.
Seulun Kiyevi silahla təmin etməsi ehtimalına gəlincə, Kim Yonq-hyun Cənubi Koreyanın beynəlxalq ictimaiyyətlə həmrəylik şəraitində işləyəcəyini və birbaşa məsələyə toxunmayacağını bildirib.
Samir